Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Bu növbəti dəfə Fransanın Azərbaycana ümumilikdə isə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın təzahürüdür.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb: “Fransının da üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra edib. Eyni zamanda 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə regionda separatizmə birdəfəlik son qoyulub. Azərbaycan öz ərazisi üzərində bütövlükdə konstitusiya quruluşunu bərqərar edib. Bu əslində separatizmdən və ərazi bütövlüyü ilə bağlı böyük çətinliklər yaşayan ölkələr üçün örnəkdir. Amma görünür beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü və suverenliyi Fransa kimi dövlətləri və onun ermənidən daha çox erməni olmağa çalışan prezidenti Makronu qəti şəkildə maraqlandırmır. Sözsüz ki, beynəlxalq hüquq və Azərbaycan xalqının iradəsi Makronların istəklərindən yüz qat daha üstündür və bu kimi şəxslərin riyakarlığı ancaq bəlli bir dövrdən sonra tarixin arxivinə yuvarlanacaq”.
Millət vəkili hesab edir ki, indiki halda İrəvanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir və heç bir məntiqə uyğun deyil: “30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistan sülhsevər qurban ölkə kimi təqdim oluna bilməz. Fransa kimi ölkələrin bu halda Ermənistana qahmar çıxması ədalətsizdir. Ona görə də, Azərbaycan ictimaiyyəti haqlı olaraq dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın Cənubi Qafqazda destruktiv fəaliyyətinə son qoymasını istəyir”.