Çar Rusiyası tərəfindən tarixi Azərbaycan torpaqlarında, Qarabağda yerləşdirilən ermənilər bu ərazilərə gəldiyi vaxtdan xalqımıza qarşı düşmənçilik siyasəti həyata keçirib. Çox təəsüf ki, bu qanlı siyasət 200 ildən çox davam edib. Ermənilər məskunlaşdıqları ərazilərdə Azərbaycan toponimlərini dəyişməyə, məhv etməyə, mənimsəməyə başlayıb. Münbit əraziləri keçirib, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Bu kontekstdə ifrat millətçilik üzərində qurulmuş daşnaksutyun siyasəti azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə yadda qalıb. Erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı daxil olub. İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib, etnik təmizləmə siyasətə həyata keçirilib.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı zorla deportasiya olunub: “1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Daha sonra isə 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” “ideyası”nı reallaşdırmaq cəhdi Azərbaycan kəndlərinin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Çox təəsüf ki, həmin dövrlərdə erməni millətçilərinin azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasətinə hüquqi-siyasi qiymət verilməyib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Amma özünün işğalçılıq siyasətindən, başqasına məxsus olan dəyərləri mənimsəmək xislətindən əl çəkməyən Ermənistan havadarlarının dəstəyi ilə 90-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən xaosdan, anarxiyadan, hakimiyyətsizlikdən, iqtidarda olan qüvvələrin ölkənin milli müqəddəratını qoruya bilməməsindən maksimum şəkildə istifadə edərək ərazilərimizin 20%-ni işğal etdi. Erməni işğal zamanı yaşayış məntəqələrimiz dağıdıldı, dinc əhali amansızcasına qətlə yetirildi Başlıbel, Ağdaban və Bağanis-Ayrım kəndlərində xüsusi amansızlıqla insanlıq əleyhinə cinayətlər törədildi. Əsrin faciəsi olan Xocalı soyqırımı erməni faşizminin əsl simasını göstərirdi. Çünki dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilirdi. Yenə də özünün ikili standartlar siyasətinə sadiq qalan beynəlxalq birlik Ermənistanın işğal, etniktəmizləmə, soyqırım siyasətinə biganə yanaşırdı. Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təsis edilmiş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Bu qurum işğalçıya, işğala məruz qalmış tərəfə eyni münasibət bəsləyirdi. Məhz bu absurd paradoks nəticəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq qətnamələr kağız üzərində qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra edilmədi. Bütün bunlara rəğmən Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Reallıq isə o idi ki, Ermənistanın işğal siyasətinin nəticəsi olaraq 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdu. Ermənistanın işğalı ərazilərimizdə həyata keçirilən vandallıq, barbarlıq nəticəsində azərbaycanlılar doğma yurd-yuvalarından didərgin düşməklə yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vuruldu. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edildi. İşğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri sıradan çıxarıldı”.
Deputat Azərbaycan xalqının bütün bunlara baxmayaraq heç vaxt işğal siyasəti ilə barışmadığını bildirib: “2016-cı il aprel, 2020-ci il iyul Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayıb, Azərbaycana qarşı təxribatlarını davam etdirirdi. Sözsüz ki, Azərbaycan dövləti bu hadisələrə sona qədər səbrlə yanaşa bilməzdi və xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib erməni işğalına son qoymaq əzmində idi. Azərbaycan xalqının səbrini daşıran son erməni hərbi təxribatı 2020-ci il 27 sentyabr tarixində baş verdi. Həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Nəticədə, hərbi qulluqçularla yanaşı dinc sakinlər də hədəf alınmışdı. Məhz düşmənin hərbi təxribatının qarşısını almaq, Ermənistanın işğal siyasətinə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək barədə əmri müasir Azərbaycan tarixinin mühüm dönüş, yeni bir dövrün başlanğıcı idi. Bununlada Şanlı Qələbəmizlə bitmiş 44 günlük Vətən müharibəsi başlamış oldu. Məhz Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki tarixi qələbə salnaməsinin ilk günü məhz 27-i sentyabrdan başlayıb. 44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti arasında üçtərəfli bəyanat imzalandı. Bu Ermənistanın döyüş meydanında məğlub olmasını təsdiqləyən kapitulyasiya aktı idi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi: “Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə uğurla irəliləyən müasir və qalib Azərbaycan bu gün öz tarixinin ən əzəmətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsi bütün dünyaya həmçinin Türkiyə-Azərbaycan birliyini bir daha göstərmiş oldu. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bu gün də Azərbaycan və Türkiyə bölgədə daimi sülhün təmin edilməsi istiqamətində birlikdə addım atır”.
Təftiş Komissiyasının üzvü, döyüş meydanında məğlub olub kapitulyasiya aktına imza atmasına bamayaraq Ermənistanda növbəti dəfə revanşizm baş qaldırır: “Çünki Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində hələ də qanunsuz silahlı birləşmələr saxlayır, qondarma separatçı-xunta rejiminə dəstək verməkdə davam edir. Bu isə açıq şəkildə ərazi iddialarından imtina edilməməsi, özləri üçün yaranacaq fürsətdə Azərbaycana qarşı daha böyük təxribatlar törətmək niyyətinə hesablanmışdı. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu insanlıq əleyhinə Ermənistanın növbəti terror aktı idi. Güclü, qalib Azərbaycan dövləti sözsüz ki, özünün suveren və beynəlxalq birlik tərəfindən tanınan ərazisində terrorizmin çiçəklənməsinə, separatizmin ayaq açmasına yol verə bilməzdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qalib, güclü Ordumuz qanunsuz silahlılara və separatçılara qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Bu tədbirlər təhlükəsizliyin təmin edilməsinə xidmət edirdi. Cəmi 24 saat davam edən antiterror tədbirləri separatçıların təslim olub, ağ bayraq qaldırması, silah-sursatı təhvil verməsi və Azərbaycanın şərtlərini qəbul etməsi ilə başa çatdı. Bunun nəticəsində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması təslim olması Azərbaycanın növbəti Qələbəsinin təntənəsi idi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, I və II Qarabağ müharibəsi iştirakçıları, şəhid və qazilərimizin misilsiz xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib: “Tarixi Zəfərimizi simvolizə edən orden və medallar təsis edilib. Bu orden və medallar Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına Ali diqqətin göstəricisidir. Sözsüz ki, Vətən müharibəsi şəhidləri və qazilərinin bütün ehtiyacları dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Bununla yanaşı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq. Sözsüz ki, Vətən müharibəsində xalqımızın milli birliyinin və Vətən uğrunda savaşın rəmzi olan– “Dəmir yumruq” hamı üçün bir güc simvoluna çevrilmişdi. Bu birlik, güc amili milli həmrəyliyimizin ən bariz ifadəsidir. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan əraziləri üzərindən Konstitusiya quruluşunun bərqərar edildiyi 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi mühüm tarixi reallıqları özündə ehtiva edir. Bu gün Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş, bütün ölkə ərazisində konstitusiya quruluşunu bərqərar etmiş dövlət kimi yeni dövrün strateji hədəflərinə istiqamətlənib. Müasir Azərbaycan tarixində mühüm əlamətdar tarixi hadisələr yaşanır ki, bu da hər bir vətəndaş üçün qürurvericidir. Məhz 2024-cü ildə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ölkəmizin bütöv ərazisində baş tutdu. Müstəqillik tariximizdə ilk dəfə olaraq keçirilmiş seçkilər bütün ölkə hüdudlarını əhatə edib. Sözsüz ki, Azərbaycan dövləti bundan sonra da cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq”.