Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışında mühüm mesajlar verib. Yeni formalaşmış parlamentin işinə uğurlar arzulayan cənab Prezident Milli Məclisin və deputatların öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəyini qeyd edib. Bu ilki prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, bütün ərazilərimizdə keçirildiyi vurğulanıb. II Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsindən sonra yeni bir reallıq yarandığı, dünya miqyasında bunun tarixi hadisə kimi səciyyələndiyi diqqətə çatdırılıb.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Bildirib ki, yeni formalaşmış parlamentin ilk iclasında ölkə başçısının çıxışı ölkəmizin gələcəyi, qarşıdan duran vəzifələr, hədəflərlə bağlı mühüm yol xəritəsi idi: “30 illik erməni işğalına Azərbaycan xalqının birliyi gücü və əzmi sayəsində son qoyuldu. Azərbaycan artıq dünya miqyasında ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş bir dövlət kimi özünün yeni hədəfləri ilə önə çıxır. Bu mənada 2024-cü il Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edən hadisələrlə zəngindir. Bu il prezident və parlament seçkiləri bütün ölkə ərazilərində keçirildi. II Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkəmiz qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını bildirən dövlətimizin başçısı 30 ilin işğalının arxada qaldığını, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, inkişaf işlərinin icra edildiyini vurğulayıb. Prezident proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilib və qiymətləndirilib. Ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilib. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə kimi bu gün daha çox önə çıxır. Təbii ki, bunu şərtləndirən amillər Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbənin əsasını təşkil edib. Başlıca amil sözsüz ki, milli təhlükəsizliyin təmin edilməsidir. Dövlətimizin hərbi gücünün artırılması bu mənada xüsusi önəm kəsb edir. “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin hərbi gücü olmasa, heç bir müstəvidə uğuru təmin emtək mümkün olmaz. Müstəqil Azərbaycan tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Əgər hərbi imkan və gücümüz olmasaydı torpaqlarımızı işğaldan azad edə bilməzdik”. Məhz cənab Prezidentin bu sahəyə diqqət çəkməsi sözsüz ki, qarşıya yeni vəzifələr qoymaqla yanaşı hər kəs üçün də vacib bir mesaj hesab edilir. II Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü artırması, yeni silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni xüsusi təyinatlı qüvvələrin, komanda qüvvələrinin, digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması mühüm amildir. Eyni zamanda ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi olduqca önəmlidir. Ermənistanın Fransa və digər Qərb ölkələrinin hərbi yardımı fonunda silahlandırılması kimi faktlar bu istiqamətdə daima adavamlı işlərin görülməsini labüd edir. Bütün bunlarla yanaşı ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar da mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident də çıxışında Azərbaycana qarşı ideoloji təxribatlar davam etdiyi bildirib. Bu kimi təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhu sayəsində lazımı cavab verildiyi də məlumdur. Bu xüsuda gənc nəslin milli ruhda böyüməsi olduqca önəmli faktordur. Çünki bu günki gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Müharibədən sonra bu ərazilərin bərpası üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Hazırda bu istiqamətdə işlər yüksək sürətlə davam edir. Artıq bu uğurlu işlərin nəticəsi olaraq 8 mindən çox keçmiş köçkün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşib. İşğaldan azad edilmiş ərazilərdə məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Mədəni, tarixi irsimizin qorunması üçün əməli praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8-ci məscidin inşası hazırda davam edir. Azərbaycana bu məsələdə bir neçə dost-qardaş ölkə töhfə versə də ölkəmiz bütün işləri öz hesabına həyata keçirir”.
Təftiş Komissiyasının sədri ölkəmizin iqtisadi inkişafı istiqamətində əldə edilən nəticələrin də dövlət başçısının nitqində geniş yer verildiyini söyləyib: “Vurğulanıb ki, 8 ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda artım 7 faiz olub. Eyni zamanda son beş ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlətimizin başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib. Bütün bunlar ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib. Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirlərin davam etdiyi də deputatların nəzərinə çatdırıldı. Sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq hazırda Ermənistanı süni şəkildə məsələni uzatmağa çalışır. Görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir. Bu xüsusda Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkəni sülh prosesini pozmağa həvəsləndirir. Qərbdən gələnlərin binokl diplomatiyası həyata keçirməsi bunun bariz nümunəsidir. Ona görə də, bu müstəvidə Ermənistanla yanaşı Qərbin ikiüzlülüyü, riyakarlığı daha qabarıq görünür. Azərbaycanın sülhlə bağalı tələbləri konkretdir. Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır”.
Sevinc Hüseynova bildirib ki, tarixi Zəfərdən sonra ölkəmizin xarici siyasətində fərqli istiqamətlərin olduğu da ölkə başçısı tərəfindən qeyd edilib: “Bu müstəqil, prinsipial, xarici siyasətin əsas istiqamətləri hesab edilir. Sözsüz ki, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Bu mənada ölkəmiz diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək və buna qarşı özünün bütün imkanları ilə layiqli formada mübarizə aparacaq. Azərbaycan ləyaqətli, qürurlu dövlət kimi tarixi Zəfərdən sonra beynəlxalq nüfuzu daha da güclənib. Ölkəmiz bir çox məsələlərə görə artıq beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış ən etibarlı tərəfdaşdır. Bunun bariz nümunəsi COP29-un Azərbaycanda keçirilməsidir. Məhz 200-ə yaxın ölkə tərəfindən qəbul edilmiş bu tarixi qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hörmətinin göstəricisidir. Bu gün ölkəmizin bütün qitələrdə dostlarının sayı artır. Azərbaycanın vaxtilə mövcud olmadığı bölgələrlə ciddi təmaslar qurulur. Həmçinin ölkəmiz ənənəvi tərəfdaşlarla, dostlarla münasibətlərini uğurla davam etdirir”.