Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa deməli üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. Bu məsələ ətrafında gedən müzakirələr XX əsrdən etibarən beynəlxalq pozitiv hüquqda dolğun ifadəsini tapıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, beynəlxalq hüquqi nizamın bu məsələyə yanaşması sui-istifadə hallarının qarşısını almağa və ümumi qaydaların formalaşmasına töhfə verməyə xidmət edir: “Beynəlxalq Ədalət Məhkəməsi 1928-ci ildə təzminatın dəyən zərərin nəticələrinin aradan qaldırılmasını və zərərdən əvvəlki vəziyyətin bərpasını nəzərdə tutduğunu təsdiq edir. Dövlət qeyri-qanuni fəaliyyətin doğurduğu nəticələrin aradan qaldırılması üçün təzminat ödəməyə borclu hesab edilir. Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərini keçməsi, Azərbaycan ərazilərində döyüşməsi və qeyri-qanuni erməni hərbi birləşmələri ilə hərbi əməliyyatları planlaşdırması təcavüzün bariz nümunəsidir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi həm də təcavüzün etirafı idi. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. Suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı dövlət, yəni Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı. Lakin Ermənistan bu müvəqqəti vəziyyətdən “yandırılmış ərazi” siyasəti həyata keçirmək və azərbaycanlıların qayıdış hüququna mane olmaq üçün istifadə etdi”.
Millət vəkili bildirib ki, Ermənistanın işğalına son qoyulması işğal edilmiş və vaxtilə bir milyon azərbaycanlının yaşadığı suveren Azərbaycan ərazilərində törədilmiş dağıntıların həcmini üzə çıxardı və cəmiyyətdə böyük sarsıntı yaratdı: “Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri hətta qəbirlər yerlə-yeksan edilmişdir. Belə hallara məhz orta əsrlərdə, cəngəllik qanunlarının hökm sürüdüyü vaxtlarda rast gəlinirdi. Halbuki, beynəlxalq hüquq faktiki olaraq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərin işğal rejimi altında olduğunu və işğal etmiş dövlətin orada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayır, eyni zamanda, mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların və sairə dağıdılmasını qadağan edir. Amma bütün bunlara baxmayaraq Ermənistan dövləti məqsədyönlü şəkildə azərbaycanlıların bütün tarixi və mədəni izini silmək üçün bu dağıdıcı fəaliyyəti planlı şəkildə həyata keçirib. Bu mənada Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Ermənistanın işğal etdiyi ərazilərdə vurduğu zərərin həcmi Vətən müharibəsindən dərhal sonra hesablanıb: “Sanki Livan boyda bir ölkənin darmadağın edilmiş ərazisi yenidən qurulmalıdır. Bu mənada Ermənistanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər. bununla bağlı konkret nümunələr mövcuddur. XX əsrin böyük münaqişələrinin yekununda məğlub olmuş təcavüzkar dövlətlərin zərərin ödənilməsi ilə bağlı öhdəlikləri sülh müqaviləsində öz əksini tapıb. Ona görə də, Ermənistanla sülh danışıqları mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır. Əgər Ermənistanın maliyyə durumu buna imkan vermirsə beynəlxalq təzminat fondu yaradıla bilər və Ermənistan “dostları” həmin fond vasitəsilə Ermənistanın təzminatının ödənilməsində iştirak edə bilər. Eyni zamanda, Ermənistan öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminata razılıq verməklə prosesi icra etməlidir”.