Ermənistanın Naxçıvan və digər istiqamətlərdə hərbi təxribatları sülh prosesini pozmağa hesablanıb. Eyni zamanda bu təxribatlar növbəti məkirli planın tərkib hissəsidir. Sözsüz ki, Azərbaycanın istənilən təxribata qarşı olan qəti mövqeyi mövcuddur. Erməni tərəfi isə bu təxribatlar fonunda ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası aparmaq niyyətindədir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan və onun başlıca havadarı Fransanın çirkin niyyəti iflasa uğrayacaq: “Qalib Azərbaycan istənilən müstəvidə təxribatlara ən sərt formada cavab verməyə qadirdir. Sadəcə olaraq indiki halda Ermənistan və onun Qərbdəki ağaları Azərbaycanın mühüm mötəbər tədbir olan COP29-a ev sahibliyi fonunda diqqəti başqa səmtə yönəltməyə çalışır”.
Millət vəkili hesab edir ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi ərəfəsində Ermənistanın bu kimi təxribatlara əl atması heç də təsadüfi baş vermir: “Azərbaycanın istənilən mötəbər tədbiri o cümlədən COP29-u ən yüksək səviyyədə təmin və təşkil etmək üçün imkanları, zəngin təcrübəsinin olduğunu yəqin edən qüvvələr ölkəmizə qarşı istənilən müstəvidə təxribatlar törətməklə fərqli mənzərə yaratmağa can atır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan özünə qarşı istənilən səviyyədə yönəlmiş təxribatlara layiqincə cavab vermək iqtidarındadır”.
Məlahət İbrahimqızına görə, 30 il özünün işğalçı xarakterindən imtina edə bilməyən Ermənistan bu gün təxribat və siyasi riyakarlıqdan əl çəkməməsi onun sülh prosesində maraqlı olmadığını göstərir: “Görünən odur ki, II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan özünün mahiyyətindən qurtula bilmir. Təbii ki, erməni tərəfinin bu cür hiylələri heç də təsadüfən baş vermir və məqsəd havadarlarının diqtəsi ilə sülh prosesini pozmaqdır. Amma bu gün hər kəsə bəllidir ki, Azərbaycan II Qarabağ müharibəsinin nəticəsi ilə yeni bir reallıq yaradıb. Bu reallığı pozmağa heç kəsin gücü çatmayacaq. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bölgədə sülh və sabitlik təmin olunacaq”.