Ermənistan bölgədə daimi sülhün olmasında maraqlı deyil. II Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallığı Ermənistan və onun havadarları qəbul edə bilmir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistanı, erməni lobbisini və onların diktəsi ilə hərəkət edən qüvvələri ciddi şəkildə narahat edir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Ermənistan sərhəddində stabil vəziyyətin olmasında maraqlı olmayan qüvvələr də az deyil: “Sülh müstəvisində müşahidə edilən irəliləyişə kölgə salmaq istəyənlər, Ermənistandakı revanşizmi körükləyənlər bölgədə yenidən qarşıdurmanın olmasını arzulayır. Çünki bu dağıdıcı qüvvələr məhz xaos, qarşıdurma və ziddiyyətlər üzərində öz maraqlarını təmin etməyə adət edib. Eyni zamanda erməni lobbisi və onların maliyyə imkanları ilə hərəkət edənlər də gəlir mənbələrini itirməmək üçün bütün imkanlarını “səfərbər” ediblər ki, Cənubi Qafqazda yenidən münaqişə ocağı yaransın”.
Millət vəkili hesab edir ki, Ermənistanın Naxçıvan istiqamətində ardıcıl olaraq hərbi təxribatları də məkirli planların tərkib hissəsidir: “Nəticəni bildikləri halda belə təxribatlar etmək ancaq çirkin niyyətdan qaynaqlanır. Azərbaycanın istənilən təxribata qarşı olan qəti mövqeyi fonunda bundan istifadə edib ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq niyyətləri də mövcuddur”.
Sevinc Hüseynovaya görə, Ermənistan və ona havadarlıq edən Fransa kimi ölkələrin çirkin niyyətləri növbəti dəfə fiaskoya uğrayacaq: “Güclü, qalib Azərbaycan regional və qlobal miqyasda söz sahibidir. Azərbaycan bu gün mühüm mötəbər tədbir olan COP29-a ev sahibliyi fonunda yüksək hazırlıq səviyyəsindədir. Məhz ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi ərəfəsində Ermənistanın bu kimi təxribatlara əl atması isə təsadüfi deyil. Məqsəd diqqəti mümkün qədər başqa səmtə yönəltməkdir. Amma bütün bunlar səmərəsiz addımlardır. Azərbaycanın istənilən mötəbər tədbiri o cümlədən COP29-u ən yüksək səviyyədə təmin və təşkil etmək üçün imkanları, zəngin təcrübəsi var. Eyni zamanbda Azərbaycan özünə qarşı istənilən səviyyədə yönəlmiş təxribatlara layiqincə cavab verməyə qadir bir ölkədir”.