2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Əvvəlcə Gədəbəy şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən geniş bəhs edib.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.
Sevinc Hüseynova çıxışında şəhid ailərinə və qazilərimizə dövlət qayğısından danışıb, onlara böyük ehtiram bəsləndiyini vurğulayıb.
Görüşdə, həmçinin şəhid ataları Rəsul Allahverdiyev, Rəsul Rzayev, Azad Nağıyev, Qərib Allahverdiyev, Fazil Əliyev, təşviqat qrupunun üzvü Pərviz Bayramov və digərləri çıxış ediblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Şəhid ailələrinin üzvləri, müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, deputatlığa namizəd şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə fərdi görüşlər də keçirib.
Sevinc Hüseynova növbəti görüşünü Gədəbəy rayon Heydər Əliyev Mərkəzində rayon ağsaqqalları və ziyalı seçicilərlə keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev son illər ərzində müstəqil, suveren Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək naliyyətlər, möhtəşəm qələbələr, böyük uğurlar qazandığını bildirib. R.Nağıyev yarandığı gündən keçirilən bütün seçkilərdə qələbələr qazanan YAP-ın uğurlarından bəhs edib.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır. Vurğulanıb ki, əldə olunan böyük qələbələrin nəticəsində budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbir iştirakçılarından Kərəm Məmmədov, İmamverdi Mustafayev və digərləri çıxış edərək vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklər.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Sevinc Hüseynova seçicilərlə fərdi görüşlər keçirib.