
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan tarixi bağların bariz nümunəsidir. Bu həmçinin Azərbaycanla Pakistan arasında olan sarsılmaz əlaqələrin təzahürüdür. Cənab Prezidentin islam və türk dünyasında, həmçinin qlobal miqyasda artan nüfuzu, ona olan yüksək münasibətlərdə də özünü təsdiq edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri tarixə, yaddaşlara həkk olunacaq səviyyədə baş tutmaqla yanaşı iki ölkənin birliyinin, bərabərliyinin göstəricisi idi: “Azərbaycan Prezidentinə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram xalqımızın yaddaşına əbədi həkk olundu. Cənab Prezident də, dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan-Pakistan qardaşlığının xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslandığını söyləyib. Vurğulanıb ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Bu mənada Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşlar məsələsi də bu səfər çərçivəsində müzakirə mövzularından biri oldu. İki xalq və dövlət arasında sarsılmaz bağlar var. Cənab Prezident də qeyd etdi ki, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir”.

Deputat bildirib ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri sarsılmaz bünövrəyə əsaslanır: “İki qardaş ölkə hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycanın və yaxud Pakistanın irəli sürdüyü bütün təşəbbüslərdə qarşılıqlı dəstək mövcuddur. Həmçinin Pakistan üçün əsas prinsipial məsələlərdə də Azərbaycanın birmənalı dəstəyi var. Bu xüsusda ölkəmizin başçısının da qeyd etdiyi kimi Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi qardaşlığa, beynəlxalq hüquqa əsaslanır. Ölkəmizin başçısı da vurğulayıb ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi Azərbaycan Pakistanla Kəşmirdəki qardaşları ilə hər zaman yan-yana olacaq. Çünki Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin tərəfindədir”.
Məlahət İbrahimqızı hesab edir ki, Pakistan hər zaman Azərbaycanın yanında olub: “Ərazilərimiz Ermənistan tərəfindən işğalda olduğu dövrdə də Pakistan Azərbaycana birmənalı dəstək verib. Azərbaycan xalqı da yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. İkinci Qarabağ müharibəsi-Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bunun bariz nümunəsidir. Bu bir reallıqdır ki, Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. 2020-ci ilin noyabrında Azərbaycan özünün tarixi qələbəsini qeyd etdiyi vaxtda Azərbaycan, Pakistan və Türkiyənin bayraqları dalğalanır, insanlar hər üç qardaş ölkənin bayraqlarını əllərində daşıyırdılar. Bu baxımdan Prezident İlham Əliyevin Pakistana səfəri əldə edilən razılaşmalar, imzalanan sənədlər iki qardaş ölkə arasında münasibətlərə, daha güclü və sıx birliyin yaranmasına xidmət edəcək”.