Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi mühüm önəm kəsb edir. Cənab Prezident İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılaması olduqca qürurverici idi. Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.
Prezident İlham Əliyev tarixi Şuşa şəhərində keçirilən mötəbər tədbirdə iştirak edən qonaqları salamlayaraq Onun Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiklərinə və bu dəvəti qəbul edib Şuşa şəhərinə gəldiklərinə görə təşəkkürlərini bildirib. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu gün Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzlərinin birinə çevrilir. TDT-yə üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Həmçinin hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət TDT-yə üzv ölkələrin böyük sərvətidir. Xalqların ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələri sıx birləşdirir. Təbii ki, bütün bunların fonunda XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır
Cənab Prezident də Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsini Azərbaycan xalqının böyük faciəsi adlandırıb. Sözsüz ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad edib. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Artıq hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Ölkə başçısının Sərəncamı ilə 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub. Eyni zamanda Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Ölkəmizin başçısı çıxışında Azərbaycan-Türkiyə qardaşlığının növbəti rəmzi ifadəsi olan 2021-ci ildə Şuşada imzalanmış Bəyannamənin tarixi əhəmiyyətinə toxunub. Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunduğu qeyd edilib. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan edib. İndi isə bu torpaqlara həyat qayıdır. Bildirilib ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Sözsüz ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Eyni zamanda cənab Prezidenti tərəfindən bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcəyi və bununla bağlı görülən mühüm işlərdən də bəhs edilib. Qardaş türk dövlətlərinin liderləri ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbirinə dəvət edilib. Təbii ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri