Azərbaycanın üzvü olmadığı mötəbər təşkilatların sammit, konfrans və zirvə görüşlərinə dəvət alması Prezident İlham Əliyevin şəxsi nüfuzu, Ona olan yüksək hörmət və ehtiramın bariz nümunəsidir. Bu xüsusda cənab Prezidentin Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada iştirakı mühüm önəm kəsb edir. ŞƏT-in 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, keçirdiyi səmimi görüşlər olduqca önəmlidir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin VI çağırış millət vəkili olmuş Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də yüksək səviyyədə iştirak edib: “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan budəfəki Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə etməsi olduqca önəmlidir. Bu bir reallqıdır ki, ölkəmiz ŞƏT-ə üzv olan dövlətlərlə ikitərəfli səviyyədə çox yaxşı münasibətlərə malikdir. Eyni zamanda bu əlaqələr hər ötən il daha da genişlənir. Burada əsas məqsədlər qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir”.
Təftiş Komissiyasının üzvü hesab edir ki, sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması baxımından ŞƏT-ə üzv olan ölkələr vacib təşəbbüslərlə çıxış edir: “Sözsüz ki, cənab Prezident İlham Əliyev sammit çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə də görüşü, aparılan səmimi müzakirələr olduqca önəmli idi. Bu xüsusda qardaş Türkiyə Lideri cənab Rəcəb Tayyib Ərdoğanla keçirilən növbəti görüş diqqət mərkəzində oldu. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşü xüsusi vurğulanmalıdır. Azərbaycan-Çin əlaqələrinin inkişafında əldə edilən yeni razılaşmalar, imzalanan birgə bəyannamənin tarixi əhəmiyyəti olduqca böyükdür. Həmçinin Pakistan, Qazaxıstan və digər dost və tərəfdaş ölkə liderləri ilə Azərbaycan Prezidentinin səmimi görüşü, apardıqları müzakirələr münasibətlərin xarakterinə mühüm təsir edən amillərdəndir”.