Azərbaycana qarşı bəzi Qərb təşkilatları və dövlətlərinin ikili standartlardan yanaşması, ayrıseçkiliyi bu gün də davam edir. Uzun on illiklər ərazi bütövlüyü Ermənistan tərəfindən pozulan, əhalisi soyqırım və etnik təmizləməyə məruz qalan bir ölkəyə qarşı özlərinin dünya ağalığı fonunda yanaşmaları ikrah doğurur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın az qala daxili işlərinə müdaxilə edən bəzi qərb təşkilatları və analitik mərkəzləri digər ölkələrdə baş verənlərə reaksiya vermir: “Bu günlərdə Ermənistanda etiraz aksiyaları fonunda polis zorakılığı, dövlət orqanlarının etirazçılara qarşı qeyri-insani davranışı az qala bütün dünya mediasında tirajlandı. Amma hər zaman insan hüquqlarından, sərbəst toplaşmaq azadlığından danışan qərb təşkilatları susdu. Çünki Ermənistanda hakimiyyətdə olan qüvvələr onların maraqlarına uyğun bir şəxsdir”.
Deputat bildirib ki, Ermənistanda olan polis zorakılığı və digər yanaşmalar qeyri-bir ölkədə, xüsusəndə Azərbaycanda yaşanmış olsa idi, indi həmin təşkilatlar gecə-gündüz durmadan hesabatlar hazırlayardı: “Ermənistanda isə Soros fondunun əli ilə hakimiyyətə gətirilmiş qüvvələr var ki, onların heç bir davranışı həmin təşkilatların “ölçülərini” pozmur. Bu isə açıq riyakarlıqdır. İkili yanaşma, qərəzli və bitərəfli mövqe tutmaqla bu gün bəzi qərb təşkilatları öz nüfuzlarını heçə endiriblər”.