II Qarabağ müharibəsindən sonra bölgədə sülh üçün başlıca zəmin yaranıb. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Artıq Ermənistanın işğal faktı, separatizm anlayışı tarixin arxivinə göndərilib. 44 günlük müharibədən sonra Azərbaycan qalib tərəf, 30 il ərazisi işğalda qalmış, bir milyon vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə salınmış dövlət olmasına baxmayaraq Ermənistana sülh təklif edib. 5 bəndlik sülh konsepsiyasında bölgə üçün açılacaq yeni səhifənin vacib prinsipləri öz əksini tapıb. Amma buna baxmayaraq Ermənistanın sülh istiqamətində bir addım belə irəliləməsinə maneə olan qüvvələr və dövlətlər var ki, bu xüsusda Fransa daha aktiv “yer” alır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, özünün qaranlıq keçmişindən, soyqırımla bağlı qanlı cinayətlərindən usanmayan Emannuel Makron Fransası Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşı çıxır: “Ermənistanda revanşizmi, yenidən münaqişə yaratmaqda maraqlı olan qüvvələri qızışdırır. Bu günlərdə Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması də məhz bu məqsədlərə xidmət edən məkirli planın tərkib hissəsidir”.
Millət vəkili hesab edir ki, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi qəbuledilməzdir: “Bu yanaşma Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının təzahürüdür. Bir müddət öncə guya Fransanın Ermənistana tədarük edilən hərbi texnikasının müdafiə xarakteri daşıdığını iddia etmişdi. Rəsmi Parisin yenidən Ermənistanı öldürücü silahlarla təchiz etməsi isə açıq riyakarlıqdır”
Məlahət İbrahimqızına görə, bütün hallarda intriqa siyasəti yürüdən Makron rejimi Ermənistanla Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olmağa çalışır: “Özünün müstəmləkəçi imperiya siyasətindən əl çəkməyən Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi var. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi kimi acı reallıqlar mövcuddur. Neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparmaqdan əl çəkmir. Sözsüz ki, Makron Fransasının indiyə qədər həyata keçirməyə çalışdığı çirkin planlar kimi bu məkirli niyyəti də güclü Azərbaycan dövləti tərəfindən alt-üst ediləcək”.