Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışında ölkəmizin enerji siyasəti və qarşıda duran əsas vəzifələrinə dair mühüm mesajlar verib. Ölkəmizin qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı atdığı addımlardan, əsas hədəflərdən danışılıb. Bu mənada Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin də məhz “Təmiz ətraf mühit və yaşıl artım” konsepsiyasını əhatə etdiyi qeyd edilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanda ekologiya və ətraf mühitin qorunmasına dair xüsusi həssas bir yanaşma mövcuddur: “Yaşıllıqların mühafizəsi və bərpası istiqamətində atılan effektiv addımlar bu xüsusda mühüm önəm kəsb edir. Su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təşviqi sahəsində Azərbaycan təsirli addımlar atır. Ölkəmiz həmçinin bu istiqamətdə vacib təşəbbüslərin müəllifidir. Cənab Prezident də 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bu istiqamətdə olan məsələlərdən bəhs edib. Azəbaycanın “yaşıl enerji” siyasətinə maraq günbəgün artır. İndiki reallıqda heç bir ölkə qlobal iqlim dəyişikliyinin mənfi təsirlərindən sığortalana bilməz. Ona görə də, hər bir ölkə bu qlobal çağırışa qarşı özünün konseptual mövqeyini ortaya qoymalıdır. Təəsüf ki, Ermənistan 30 illik işğal siyasəti nəticəsində ərazilərimizdə apardığı vandallıq, barbarlıq, soyqırımı və etnik təmizləmə siyasəti ilə yanaşı ekoloji terror da həyata keçirilib. Azərbaycan dövləti II Qarabağ Müharibəsindən sonra erməni işğalından azad edilən ərazilərdə bərpa-quruculuqla yanaşı eko-sistemin bərpası istiqamətində də təsirli addımlar atır, mühüm işlər görür”.
Deputat vurğulayıb ki, cənab Prezidentin mərasimdə toxunduğu məsələlərdən bir də erməni işğalçılarının 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə vurduğu zərbənin nəticələrini aradan qaldırmaq üçün atılan addımlar mahiyyəti ilə bağlı oldu: “Ölkəmizin başçısının da qeyd etdiyi kimi sözsüz ki, bunun üçün uzun müddət lazım olacaq. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti özünün imkanları ilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji”siyasəti həyata keçirir. Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ layihələrin icrası məhz bu məqsədlərə xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi və digər az tullantıya malik istehsal sahələrinin yaradılması istiqamətində dövlətin mühüm proqramları əsas hədəfə çatmaq üçün vacibdir. Bu gün bir çox ölkələr su və digər qlobal çağrışlarla üz-üzədir. Çaylarda, göllərdə su səviyyəsi aşağı düşür. Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşməsi də məhz ekoloji mühitin başlıca problemlərindən biri kimi önə çıxır. Prezident İlham Əliyev də çıxışında Xəzər dənizində su səviyyəsinin düşməsinin başqa amillərlə bağlı olduğunu bildirib”.
Millət vəkili hesab edir ki, Azərbaycan qlobal miqyasda etibarlı enerji təhlükəsizliyi ilə bağlı vacib tərəfdaş kimi tanınır: “Neft-qaz sahəsində Azərbaycan özünün ixracının artırmağı hədəfləyir. Yaxın dövrdə ölkəmizin qaz ixracının 24 milyard kubmetrdən artıq olacağı proqnozlaşdırılır. Dövlətimizin başçısının da vurğuladığı kimi “Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Təsadüfi deyil ki, ölkəmiz ümum-Avropa qaz təchizatçısı adlandırılır. Bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir”. Həmçinin Azərbaycan öz qazının satış coğrafiyasını genişləndirmək niyyətindədir. Paralel olaraq isə Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı bərpaolunan enerji mənbələrinin forlaşadırılması istiqamətində effektiv addımlar atır. Ən başlıca məqam isə bu ilin payızında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın qlobal ekoloji məsələlərə olan mövqeyini ifadəsidir. Məhz COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin enerji potensialı, “Yaşıl enerji” siyasətinin qlobal miqyasda tanıdılması baxımından da vacib rola malikdir. “Yaşıl enerji”yə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədinə xidmət edən başlıca amildir. Artıq Azərbaycanda alternativ enerji mənbələrinin istehsalında vacib əhəmiyyətə malik olacaq istehsal sahələri formalaşdırılır”.
Aqil Məmmədova görə, Qaradağ Günəş Elektrik Stansiyasının açılışı məhz ölkəmizin alternativ enerji sahəsində atdığı ən mühüm vacib addımlardan biridir: “Azərbaycanda yaradılan bu elektrik stansiyası regionda ən böyük Günəş elektrik stansiyası hesab edilir”. IV Sənaye inqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən “yaşıl enerji” ənənəvi enerji mənbələrini geridə qoyacaq təsirli addımların atılması üçün də mühüm proqramların icrası vacibdir. Prezident İlham Əliyev məqsədyönlü, praqmatik strategiyasının nəticəsində Azərbaycanın alternativ enerji mənbələrinə çıxış imkanlarını daha da artırır: “Bu amillər isə enerji təhlükəsizliyimizin təmin edilməsi ilə yanaşı enerji ixracatının şaxələndirilməsi baxımından təsirlidir. Bütün bu amillər Azərbaycanın bütün sahələrdə olduğu kimi enerji sahəsində regional və qlobal miqyasda liderliyinin başlıca şərtləridir. ABŞ prezidenti Co Baydenin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və “Caspian Power” sərgilərinin açılış mərasimi ilə bağlı ünvanladığı məktubunda da bu amillər xüsusi olaraq qeyd edilib. Bu bir reallıqdır ki, ABŞ prezidenti və dünyanın aparıcı ölkələrinin liderləri Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyi ilə bağlı rolunu yüksək dəyərləndirir. Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi Azərbaycanın əhəmiyyətinin ABŞ prezidenti tərəfindən xüsusi olaraq vurğulanması ölkəmizin daha böyük hədəflərindən xəbər verir. Sözsüz ki, bu uğurlar Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi ən böyük nailiyyətləri sırasındadır”.