Azərbaycan hazırda dünya miqyasında mina terrorundan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Fakt odur ki, Ermənistan 30 illik işğal dövründə torpaqlarımıza 1.5 milyondan çox mina yerləşdirib. Bunun nəticəsində ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənmiş bölgəyə çevrilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərimizi məqsədli şəkildə minalayıb: “Tarixi torpaqlarımızda Ermənistan tərəfindən həyata keçirilən vandallıq, barbarlıq, soyqırım və etnik təmizləmə ilə yanaşı mina terroru da həyata keçirilib. Təəsüf ki, Ermənistanın bu qanlı terroru bu gün də davam edir. II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə erməni tərəfinin basdırdığı minalar nəticəsində yüzlərlə azərbaycanlı mülki və hərbi şəxs həyatını itirib, ağır dərəcəli bədən xəsarəti alıb. Mina terroru Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətlərinin tərkib hissəsidir. Müharibə bitsə də, Ermənistanın mina terroru davam edir. Ermənistan isə Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən boyun qaçırır. Bu erməni tərəfinin iyrənc, qanlı xislətinin açıq təzahürüdür. Eyni zamanda müharibədən sonra da Ermənistan özünün çirkin niyyətindən əl çəkməyərək Azərbaycan ərazilərinin minalanmasını davam etdirib”.
Deputat bildirib ki, vaxtilə Laçın yolundan erməni maşınları ilə ərazilərimizə minalar, qanunsuz miqrantlar daşınıb: “Bununla bağlı danılmaz faktlar və görüntülər mövcuddur. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir: “İşğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə daha böyük diqqət tələb edir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının keçirilməsi də məhz bu məqsədlərə xidmət edirdi. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də qeyd edilib ki, “müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir”.
Aqil Məmmədova görə, hazırda mina problemi 1 milyona yaxın keçmiş məcburi köçkünün öz yurd-yuvasına dönməsinə qarşı ən böyük təhlükədir: “Çünki mina partlayışları insanların həyatına təhlükə yaratmaqla yanaşı ətraf mühitə də böyük ziyan vurur. Sözsüz ki, minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 öncəsi ölkəmizdə mina təhlükəsizliyi ilə bağlı beynəlxalq konfransın təşkili mühüm önəm kəsb edir”.