
Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində ölkəmizin əsas prioritetlərindən bəhs edib. Cənab Prezident qeyd edib ki, “konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik”. Bu bir reallıqdır ki, ölkəmiz dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərər, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunmasına hər zaman xüsusi önəm verib. Prezident İlham Əliyevin ətraf mühitin və ekoloji balansın qorunması ilə bağlı Sərəncam və Fərmanları da bu qəbildəndir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan coğrafi mövqeyi ilə digər ölkələri də ekoloji problemlərin həllinə diqqət ayırmağa təşviq edir. Ölkəmiz regionun karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarının vacib təşəbbüskarlarındandır. Azərbaycanın alternativ enerji potensialı ilə bağlı hədəfləri mövcuddur. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan, barbarcasına talan edilən, ekoloji terrora məruz qalmış ərazilərimizdə hazırda canlı təbiətin bərpası üçün zəruri addımlar atılır. Ekologiyanın qorunması üçün Azərbaycan dövləti vacib işlər görür. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası məhz bu məqsədlərə xidmət edir”- deyə o əlavə edib.
Deputat hesab edir ki, Azərbaycan neft qaz ölkəsi olsa da bərpa olunan enerjini təşviq edir: “Ölkəmizdə ekologiyaya, ətraf mühitin, canlı təbiətin qorunması xüsusi önəm verilir. COP29-a ev sahibliyi Azərbaycanın yaşıl enerji amilinə olan önəminin ifadəsidir. Sözsüz ki, COP29-a ev sahibliyi Azərbaycan Prezidenti İlham Əliyevə, ölkəmizin həyata keçirdiyi uğurlu strategiyaya olan inam və etimaddan qaynaqlanır. BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik, bir müddət öncə BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi xarakterini göstərir. COP29 kimi qlobal miqyaslı ekoloji problemlərin müzakirə olunduğu bir platformaya ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişiklikləri və ekologiya ilə bağlı məsələlərdə strategiyasını dünyaya çatdırmış olacaq”.