Şərqdə ilk dəfə olaraq demokratik respublikanın qurulması Azərbaycan xalqının zəngin dövlətçilik tarixinin parlaq nümunəsidir. Bu il təntənə ilə keçirdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin 106-cı ildönümü 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin tükənməz sevinci ilə əhatə olunub. Məhz buna görə də, dünyanın hər yerində 28 May xüsusi əzəmətlə qeyd edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu şərəfli tarix cəmi iki il yaşasa da onun siyasi, hüquqi, tarixi və mənəvi əhəmiyyəti Azərbaycan var olduqca fəxrlə qeyd ediləcəkdir: “O dövrün hədsiz dərəcədə keşməkeşli, mürəkkəb və ziddiyyətli bir dövr olmasına baxmayaraq, bir qrup Azərbaycan ziyalısı fədakarlıqla Azərbaycan Xalq Cumhuriyyətini qura bildilər. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2007-ci il mayın 25-də Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin irsini yüksək qiymətləndirib, dövlət başçısının Sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib”.
Deputat bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasət həyata keçirdi və böyük uğurlara imza atıldı: “Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixin ən güclü Azərbaycan dövləti 2020-ci ildə 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu gün hər kəs Azərbaycanın nəinki regional lider statusunu, hətta Avropada böyük nüfuzunu etiraf edir. Azərbaycan bu gün Avropanın, eləcə də Avropa Birliyinin 10-a yaxın ölkəsi ilə strateji tərəfdaşlığa malikdir. Xalqımızı dünyaya qalib xalq kimi tanıdan Müzəffər Ali Baş Komandanımız hər ötən il dövlətimixin gücünü və nüfuzunu daha da artırır”.
Millət vəkili vurğulayıb ki, bu gün şanlı bayrağımız bütün sərhədlərimizdə, Xankəndidə, Şuşada qürurla dalğalanır: “Azərbaycan regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləyir, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilib. Prezidenti İlham Əliyev qəlbləri fəth edən bu şanlı bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırır, görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsini təmin edir”.
Məlahət İbrahimqızı qeyd edib ki, müstəqilliyimizi dönməz, sarsılmaz və əbədiyyətədək yaşamasının təminatçısı olan və çağdaş dövlətimizin qurucusu və banisi ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan məhz Onun ən layiqli davamçısı, Müzəffər Ali Baş Komdandan, cənab Prezident İlham Əliyev tərəfindən regional və qlobal miqyasda söz sahibi olan, ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş ölkəyə çevrilib. “Əslində Azərbaycan xalqı ilə Cumhuriyyət bir-birindən ayrılmaz bir dəyərdir və Azərbaycan var olduqca da belə olacaqdır”.