Xarıbülbül festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşa şəhərində keçirilib. Şuşanın Ermənistan tərəfindın işğalı və torpaqlarımızın təcavüzə uğramasından sonra festivalın keçirilməsi dayanmışdı.
Çünki Qarabağın döyünən ürəyi Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra festivalın təşkilat komitəsi bunu ləğv etmişdi.
Xarıbülbülün yurdu olan Şuşasız artıq bu festivalın əhəmiyyəti qalmamışdı.
2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində digər torpaqlarımız kimi tarixi Şuşa şəhəri də düşmən tapdağından azad edildi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalsa da, doğma Şuşamız öz milliliyini, azərbaycanlı ruhunu itirmədi.
Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə vermədi. Şuşa öz əzəmətini, möhtəşəmliyini, tarixi simasını saxladı.
Azad olunduqdan sonra cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri bərpa olundu.
Zəfər günündən altı ay sonra Cıdır düzündən muğam sədaları bütün dünyaya yayıldı. Qarabağın əsl sahiblərinin kim olduğu bəyan edildi.
“Xarıbülbül” festivalı da yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını öz ağuşuna topladı.
Builki festivalda da Azərbaycanda yaşayan xalqların nümayəndələri ilə yanaşı İslam ölkələrindən də mədəniyyət xadimləri qatılmışdı.
Beləliklə Azərbaycan xalqı bir daha Şuşada ucalan milli birlik və ahəngdarlıqla dünyaya açıq mesaj vermiş oldu.
“Xarıbülbül” musiqi festivalı bir daha Azərbaycan xalqının mübarizliyinin, əzminin və mədəniyyətinin bariz nümunəsi kimi dünyaya təqdim olundu.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri