Hörmətli Seçicilərim,
Əziz Şəhidlərimizin əziz Valideynləri,
Qəhrəman Qazi və Veteranlarımız,
Dəyərli 21 saylı Nəsimi-Binəqədi rayon Seçiciləri,
Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayır və sonsuz hörmətimi bildirirəm.
Bildiyiniz kimi, artıq 9 avqust tarixindən başlayaraq, 1 sentyabrda ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat mərhələsinə start verilibdir və görüşlər başlayıbdır. Bildiyimiz kimi bu seçkidə YAP tərəfindən irəli sürülmüş bütün namizədlərin ilk xeyir-duası mənsub olduğumuz Yeni Azərbaycan Partiyasının sədri tərəfindən verilmişdir. Buna görə də Partiyamızın Sədrinə sonsuz minnətdarıq və bu xeyir-duanın və etimadın nə demək, necə böyük məsuliyyət olduğunu başa düşürük. Sözsüz ki, seçki kampaniyasının ilk saatlarında təbliğat təşviqat tədbilərini başlamazdan öncə elimizin adət-ənənələrinə və milli dəyərlərimizə uyğun olaraq ilk xeyir-duamı Fəxri Xiyabanda Çağdaş Dövlətimizin qurucusu və Banisi Ulu Öndərimiz Heydər Əliyevin məzarını, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda həyatından və canından keçmiş Əziz Şəhidlərimizi ziyarət etməkdən başladıq. Əlbəttə, Şəhidlərimizin bizə əmanəti olan əziz valideynlərinin də xeyir dualarını almağı özümə müqəddəs borc hesab edərək onların evlərində onları ziyarət etdim. Hesab edirəm ki, cəmiyyətimizdə Şəhid ailələrinin xeyir duasını almaq bir normaya çevrilməlidir. İnşallah gələcəkdə də hər bir işimizdə ilk xeyir-duamız məhz borclu olduğumuz, haqqını itirməyəcəyimiz və müqəddəslik rəmzinə çevrilmiş bu insanlardan olacaqdır. Bu məqsədlə Şəhid oğlumuz Vüsal Kazımovun valideynlərini evlərində ziyarət etdim. Çox gözəl söhbət etdik. Onlarla söhbət etdikcə bir daha düşünürsən ki, Vüsal kimi qəhrəman Şəhidimiz, balamız kimi övlad böyüdən valideyn də elə qəhrəmandır. Yeganə oğlunu Vətən uğrunda qurban verən valideynlər ən ali sözlərə layiqdir.
Vüsal kimi rəşadətli övlad yetirdiyinizə görə qarşınızda baş əyirəm. Bir daha Sağ olun, məğrur bacım Lalə xanım, vüqarlı qardaşım Vüqar müəllim.
Heç vaxt Unutmayacağıq, Heç vaxt Unutdurmayacağıq!
Şəhidlər ölməz,
Vətən bölünməz!