Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Bu kimi səfərlər sözsüz ki, qarşılıqlı əlaqələrin inkişafında böyük təsirə malikdir. Azərbaycanla dünyanın bütün qitələrindən olan ölkələr sıx təmas qurmağa maraq göstərir. Bu da ölkəmizin etibarlı tərəfdaş doğru-düzgün siyasi strategiyaya malik olması ilə bağlıdır. Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin mətbuata verdiyi birgə bəyanatında da vacib məqamlara toxunuldu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanla Bolqarıstan 2015-ci ildən strateji tərəfdaşdır: “Bu illər ərzində iki ölkə arasında əlaqələri sürətlə və uğurla inkişaf etdiyi də ölkə başçıları tərəfindən diqqətə çatdırıldı. Hər iki ölkə arasında səmərəli siyasi dialoqun olduğu vurğulandı. Məhz bu fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə ölkələr arası əlaqələr genişlənsin”.
Deputat bildirib ki, Azərbaycanın ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi xarici siyasətinin vacib istiqamətlərindən biridir: “Bu mənada Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Ötən illər ərzində isə qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bunun nəticəsindəə ölkələr arasında səmərəli əməkdaşlıq formalaşıb”
Millət vəkili iki ölkə arasında imzalanan 60-dan çox sənədin münasibətlərdə yeni səhifə açacağına əminliyini ifadə edib: “Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Bununla yanaşı son dövrlər ticarət dövriyyəsi bir neçə dəfə artıb. Enerji sektorundakı əməkdaşlıq bu xüsusda daha çox önə çıxır. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır: “Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Sözsüz ki, iki ölkə arasında nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətləri mövcuddur ki, bu da qarşıda kı dövrdə daha böyük hədəflərə çatmağa imkan verəcək”.