
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanın təhlükəsizlik adası hesab olunur. Bütün bunlara cənab Prezident İlham Əliyevin praqmatik, müdrik siyasəti sayəsində nail olunub. Azərbaycan bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən başlıca təminatçısıdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Rusiya-Ukrayna, İsrail-İran müharibələri, Afrikada gərginliklər və s qlobal və regional müstəvidə təhdid doğuran faktorlardır: “Bütün bunların fonunda ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanın sabit, dayanıqlı inkişafı, təhlükəsizliyinin təmin olunması başlıca faktordur. Sözsüz ki, Qarabağ probleminin həlli ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirdi”.
Millət vəkili hesab edir ki, faktiki olaraq üçüncü dünya müharibəsi başlayıb: “Hadisələr Azərbaycanın şimal va cənub qonşularının iştirakı ilə baş verir. Dünyanın bölünməsi və ayrıcı xətlərin cızılması prosesi davam edir. Bütün bunların fonunda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Ermənistanda Aİ missiyası, 5 aprel 3 tərəfli görüşü, Azərbaycan, Türkiyə, Rusiyanın buna reaksiyası, İranın susqunluğu fonunda proseslərin inkişaf dinamikası müşahidə olunur: “Amma bütün bunlara baxmayaraq Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır. Ölkəmiz bu gün regionda sabitləşdirici faktor kimi çıxış edir”.