
Ermənistan növbəti dəfə sülhü sabotaj edir. II Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana 5 dəındlik sülh konsepsiyası təklif edib. Bu konsepsiya beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. İlkin olaraq bu şərtlər daxilində sülhə razı olduğunu bəyan edən erməni tərəfi müharibədən keçən 4 il ərzində manipuliyasiya ilə məşğuldur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistanı sülh istiqamətində addım atmağa imkan verməyən qüvvələr mövcuddur: “Fransa başda olmaqla bəzi Qərb dövlətləri və təşkilatları Ermənistanın üzərində Cənubi Qafqazda öz maraqlarını reallaşdırmaqda israr edir. Bunun fonunda isə bölgədə sülh prosesi qeyri-müəyyən vaxta qədər təxirə düşür. Sözsüz ki, sülh yoxdursa, müharibə, qarşıdurma ehtimalı hər zaman aktualdır. İndiki halda Qərbin bölgədə öz maraqları müstəvisində Ermənistanı silahlandırması də məhz bu qəbildəndir”.

Deputat hesab edir ki, aprelin 5-də Brüsseldə Avropa İttifaqı-ABŞ və Ermənistan arasında keçirilməsi gözlənilən konfrans da region üçün yaxşı heç nə vəd etmir: “Ermənistanın təhlükəsizliyini az qala özlərinin dövlət maraqlarından üstün tutan qüvvələr təbii ki, tamam başqa iddialardadır. Onlar Cənubi Qafqazda yeni reallıqda mövcud olmağa, nüfuz qazanmağa can atır. Burada erməni lobbisinin əli ilə idarə olunan qüvvələr də az rol oynamır. Avropa Parlamentində, Avropa İttifaqında, AŞPA da kok salmış ermənipərəst siyasətçilər siyasi korrupsiyanın girdabındadır. Onlar üçün heç bir dövlətin və ya xalqın milli maraqları önəmli deyil”.
Məlahət İbrahimqızı bildirib ki, Qərbin Ermənistan üzərində oynadığı oyunlar, erməni lobbisinin maliyyə dəstəyi ilə ortaya atılan məsələlər revanşizmin yenidən baş qaldırmasına yol açır: “Bu günlərdə Ermənistanda baş verən hadisələr də bunu təsdiq edir. Qazağın anklav olmayan 4 kəndinin azad edilməsi ilə bağlı məsələnin gündəmə gəlməsi ilə Ermənistanda böyük ajiotaj yaşanır. Revanşistlər heç halda hakimiyyətin bu istiqamətdə addımlarını bağışlamayacaqlarını iddia etsələr də, Paşinyan iqtidarının başqa seçimi yoxdur. Hazırda Azərbaycan-Ermənistan şərti sərhədinə doğru Ermənistanın hərbi texnikalarının təlimlər adı altında cəmləşdirilməsi də mümkün təxribat amillərini qaçılmaz edir. Amma bütün bunlar Azərbaycan hərbi, iqtisadi, siyasi gücü qarşısında yetərsizdir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün milli və dövlət maraqlarını ən yüksək səviyyədə qoruyub, təmin edəcək”.