Aprelin 5-də Brüsseldə keçiriləcək Avrpa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı regionda gərginliyin yaranmasına xidmət edir. Bu istiqamətdə Azərbaycanın mövqeyi birmənalıdır. Rəsmi Bakı dəfələrlə Avropa İttifaqının bəzi üzvlərinin regionda müəyyən məkirli niyyətinin olduğunu bəyan edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu gün az qala hər addımbaşı Ermənistanın müdafiəçisi rolunda çıxış edən Qərb və Amerika Cənubi Qafqazda yeni yaranmış reallığı qəbul etmək istəmir: “Onların əsas marağı bölgədə daimi münaqişə vəziyyətinin olmasıdır. Vaxtilə Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı müddətdə bu qüvvələr heç vaxt konkret mövqe sərgiləmədi. Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilmiş ərazi bütövlüyünün Ermənistan tərəfindən 30 il pozulmasına göz yumuldu”.
Millət vəkili hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin aktiv müstəviyə keçdyi bir ərəfədə Qərb dövlətlərinin başda Fransa olmaqla sərgilədiyi mövqe gərginliyin artmasına, münaqişə ocaqlarının formalaşmasına xidmıət edir: “Azərbaycan bölgədə sülhə, təhlükəsizliyiə başlıca təhdid olan Ermənistanın işğal faktına son qoyub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkə ərazisində separatizmin kökü birdəfəlik kəsilib. Cənubi Qafqazda daimi sülh üçün zəruri mühit formalaşıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, özlərinin siyasi konyuktor maraqlarına görə Ermənistandan alət kimi istifadə edən dövlətlərin məqsədi tamam başqadır: “Azərbaycan və Türkiyənin bu regionda artan güclənən mövqeyi Avropa İttifaqını ABŞ-ı və bəzi Qərb dövlətlərinin yuxusuna haram qatıb. Ona görə də, Ermənistana davamlı olaraq siyasi hərbi və digər istiqamətlərdə dəstək verirlər. Məqsəd isə bölgədə yeni formalaşmış reallığa maksimum dərəcədə zərbə vurmaqdan ibarətdir. Fakt isə odur ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olub. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi isə ancaq kağız üzərində qalıb. Amma buna baxmayaraq bu dövrdə Avropa İttifaqı və ABŞ-dan Azərbaycana bu formada qeyd-şərtsiz dəstək edilməyib. Ona görə də, indiki halda Ermənistana edilən bu dəstək ikili standartların və riyakarlığın, ayrıseçkiliyin variz nümunəsidir”.