Martın 16-da Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri iki qonşu dövlət arasında münasibətlərin inkişafında mühüm amil hesab olunur. Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və tarixi dostluq əlaqələri mövcuddur. Ölkələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bu mənada hər iki dövlət və xalq bir çox sahələr üzrə sıx əməkdaşlığa malikdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanla Gürcüstan bu gün bütün sahələr üzrə çox uğurla əməkdaşlıq qurub: “İki qonşu ölkə arasında mövcud olan siyasi, iqtisadi münasibətlər xalqların əsrlərdir davam edən mehriban qonşuluq əlaqələri üzərində formalaşıb. Sözsüz ki, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinə mühüm töhfədir. Bu bir reallıqdır ki, Azərbaycanla Gürcüstanın həyata keçirdiyi nəqliyyat, enerji layihələri digər ölkələr üçün böyük önəm kəsb edir. Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan-Gürcüstan birlikdə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edir. İcra olunan bu layihələr regiondan keçən yük axınının həcmini artmasına imkan yaradır”.
Millət vəkili hesab edir ki, Azərbaycanla Gürcüstan birgə təşəbbüslərlə özlərinin iqtisadi inkişafını təmin edə bilir: “Eyni zamanda hər iki ölkə Avrasiya üçün də önəmli faktora çevrilib. Bu xüsusda Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdir. Məhz Azərbaycan qazı Gürcüstan üzərindən onun vasitəsi ilə bir neçə ölkəyə ixrac olunur. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb. Bu say sözsüz ki, getdikcə daha da artacaq. Ölkəmizin malik olduğu enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Azərbaycan qazına Avropa qitəsində olan tələbat ildən-ilə artacağı gözlənilir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğulayıb ki, “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında məhz bu amillər Azərbaycanın əsas rolunu bir daha gündəmə gətirmiş olur: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin dünyada rolunu və önəmini daha da artırır. Bu bir reallıqdır ki, Azərbaycan bu gün dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional faktora çevrilib. Müasir tələblər və çağırışlara uyğun olaraq Azərbaycan-Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığa malikdir. Gürcüstanın və Azərbaycanın bərpaolunan enerji istehsalı ilə bağlı potensialı böyükdür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğurlu layihələr məhz yaşıl enerji strategiyasında da mühüm amil, vacib yol xəritəsi olacaq. Sözsüz ki, Azərbaycan-Gürcüstan əlaqələri məhz bu kontekstdə getdikcə bütün sahələrdə uğurla inkişaf edəcək”.