Prezident İlham Əliyev martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda iştirak edib. Ölkəmizin başçısı çıxışında vacib məsələlərdən bəhs edib. Azərbaycan bu gün mötəbər tədbirlərinin keçirildiyi məkana çevrilib. Azərbaycan regional, qlobal tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Bakı artıq beynəlxalq platformalardan birinə çevrilib.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə edilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı da onun mühüm platforma olduğunu nümayiş etdirir. Hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı təhlil etməyə və nəticələr çıxarmağa imkan verir. Dünya sürətlə dəyişir və qeyri-sabitlik, qarşıdurma, münaqişə ocaqları yaranır. Məhz bu kontekstdə, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vacib platforma hesab olunur. Onun üzvlərinin və iştirakçılarının təcrübəsi, biliyi, dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsi bu ehtiyacı labüd edir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqların sırasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları yer alıb. Bu amil Forumun Qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Bu eyni zamanda Forumun nəhəng intellektual potensialından xəbər verir. Hər il regionda və qlobal miqyasda dəyişikliklər bəzən də lokal xarakterli məsələlər kimi görünür. Amma bunun böyük fəsadları mövcuddur. Ötən bir il ərzində Azərbaycanın həyatında çox böyük dəyişikliklərin baş verməsi bunun əyani təsdiqidir” – deyə o qeyd edib.
Deputat bildirib ki, bir il ərzində baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı oldu: “Azərbaycan uzun illər keçmiş münaqişənin sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra ediləcəyinə ümidlə yanaşıb. Amma Azərbaycan ərazilərinin bərpası ilə bağlı beynəlxalq təşkilatların çıxarmış olduğu bütün qərarlar icra olunmayıb. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti isə ancaq Ermənistanın işğal faktının qorunub-saxlanılmasına xidmət edib. Çünki Minsk qrupunun məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq olub. Bununla da Ermənistanın işğalını əbədi etmək Minsk qrupunun əsas niyyəti idi. Eyni zamanda münaqişənin sülh yolu ilə həll olunmamasının başlıca səbəbi Ermənistanın 1990-cı illərin əvvəllərindən başlayaraq, indiyə kimi tutduğu qeyri-konstruktiv mövqeyidir”.
Millət vəkili hesab edir ki, Azərbaycan dövləti və xalqı torpaqlarının erməni işğalında qalmasını, ərazilərində separatçı rejimin mövcudluğunu heç vaxt qəbul edə bilməyəcəyini dəfələrlə bəyan edib: “Keçmiş münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə olunmalıdır. Prezident İlham Əliyev də Forum iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan 2020-ci il 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülhə hazır olduğunu bildirib. Azərbaycanın sülh prinsiplərinə sadiq olduğu bir daha bəyan olunub. Ölkəmizin başçısı vurğulayıb ki, “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülhə bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər”. Qlobal Bakı Forumunda həmçinin Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırıma məruz qaldığı da vurğulanıb. Beynəlxalq hüquq normaları məhz bu kontekstdə Azərbaycanın tərəfindədir”.
Məlahət İbrahimqızı Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının önəmindən bəhs: “Buna baxmayaraq bəzi Qərb dövlətləri və təşkilatları, o cümlədən Fransa İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qeyri-adekvat davranır. Bu gün Fransanın Azərbaycana qarşı mövqeyi qərəzlidir və açıq düşmənçilikdir. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verib. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qalıb. Bu hadisə Fransanın Azərbaycana, onun sahib olduğu dəyərlərə olan düşməncəsinə yanaşmasını göstərir”.
Təftiş Komissiyasının üzvü vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsinin önəmi Bakı Qlobal Forumunda bir daha qeyd edilib: “Azərbaycanın yaşıl keçidlə bağlı hədəfləri və təşəbbüsləri beynəlxalq birlik tərəfindən təqdir olunur. Ölkəmizdə yaşıl keçidlə bağlı mühüm işlər görülür. Sözsüz ki, bunun praktiki nəticələri var. 2023-cü ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışı bunun bariz nümunəsidir. Artıq iki stansiya ilə bağlı işlər uğurlar davam edir. Bütün bunlarla yanaşı Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialını qarşıya məqsəd kimi qoyub. Yaxın dövr üçün yaşıl enerjinin ixracı da proqnozlaşdırılır. Xəzər dənizindən Qara dənizinə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası planlaşdırılır. COP29 bu mənada Azərbaycanın imkanlarını nümayiş etdirmək üçün vacib platforma olacaq. 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi bir dönəm məhz Azərbaycanın uğurlu sədrliyi ilə yadda qaldı. Ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq edir. Azərbaycan həmçinin 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bütün bunlar Azərbaycanın uğurlu siyasətinin nəticəsində əldə olunub”.