Prezident İlham Əliyevin martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışında vacib məsələlərə toxunub. Sözsüz ki, Azərbaycan bu gün dünyada ən mötəbər tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Ölkəmiz regional qlobal tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi böyük nüfuza malikdir. Bakı beynəlxakq aləmdə vacib platformaların ən vacib məkanı kimi xarakterizə olunur. Bu mənada Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayanır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından seçilən mühüm paltforma hesab olunur: “Hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Sözsüz ki, bu gün dünya sürətlə dəyişir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Bu məhz Cənab Prezident İlham Əliyev tərəfindən yeni strategiyaya verilən qiymətin təzahürüdür. Bu dəfəki XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları yer alıb”.
Deputat hesab edir ki, bu amil Forumun nəhəng intellektual potensialından xəbər verir: “Hər il regionda və qlobal miqyasda dəyişikliklər bəzən də lokal xarakterli kimi görünür. Amma sözsüz ki, bunun böyük fəsadları var. Məhz ötən bir il ərzində Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş verib. Ötən ilki görüşdən keçən bir il ərzində baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə nəhayət əməl olunmasına inamını ortaya qoyub. Hətta keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində də bir nəticə əldə olunmadı. Çünki Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək idi. Keçmiş münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi də Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqe sərgiləməsidir. Azərbaycan dövləti və xalqı isə heç bir halda torpaqlarının işğalda qalmasına, ərazilərində separatçı rejimin mövcudluğuna razı ola bilməzdi. Münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Cənab Prezident İlham Əliyev də Forumda məhz bu tezisləri iştirakçıların diqqətinə çatdırmış oldu”.
Millət vəkili bildirib ki, Azərbaycan 2020-ci il 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülhə hazır olduğunu bəyan edib: “Dövlətimizin başçısı da Forumda bir daha qeyd etdi ki, “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülhə bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər”. Reallıq odur ki, bu gün beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. Azərbaycan Ermənistan tərəfindən qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalıb. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması tarixi ədalətin təntəsəni idi. Çox təəsüf ki, bəzi Qərb dövlətləri və təşkilatları bu xüsusda Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat olub. Hazırda da Fransanın Azərbaycana qarşı mövqeyi qərəz üzərində formalaşıb. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı”.
Aqil Məmmədov vurğulayıb ki, Forumda COP29-un Azərbaycanda keçirilməsinin önəmindən də bəhz edilib: “Bu Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi deməkdir. Ölkəmizdə yaşıl keçidlə bağlı mühüm işlər görülüb. Artıq bunun praktiki nəticələri var. Ötən ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışı edildi. Daha iki stansiya ilə bağlı tikinti işləri uğurla davam edir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. Eyni zamanda yaxın dövr üçün yaşıl enerjinin ixracı da proqnozlaşdırılır. Bununla bağlı Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası nəzərdə tutulur. Məhz COP29 ölkəmizə bu imkanları nümayiş etdirməyə imkan verəcək. Bu həmçinin Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayişi kimi də xarakterizə olunur. Azərbaycanın beynəlxalq təşkilatlara uğurlu sədrlik təcrübəsinin olması da burada başlıca amildir. Ölkəmizin dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi bir dönəm yaşandı. Azərbaycanın həmçinin Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlığa malikdir. 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkəmiz bütün bunlara uğurlu daxili və xarici siyasət nəticəsində nail olub”.