Prezident İlham Əliyev martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışında olduqca vacib mesajlar verib. Artıq Azərbaycan dünyanın mötəbər tədbirlərinin keçirildiyi məkan kimi tanınır. Regional qlobal tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi Azərbaycan böyük nüfuz qazanıb. Paytaxt Bakı beynəlxalq arenada vacib platformalardan biri kimi xarakterizə edilir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından seçilən mühüm platforma olduğu bir daha təsdiqlənir. Hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan yaradır. Bu gün dünya sürətlə dəyişir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı vardır”.
Deputat xatırladıb ki, XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib: “Qonaqların sırasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları yer alması Forumun Qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda bu Forumun nəhəng intellektual potensialından xəbər verir. Çünki hər il regionda və qlobal miqyasda dəyişikliklər bəzən də lokal xarakterli məsələlər kimi görünür. Bunun böyük fəsadları mövcuddur. Ötən bir il ərzində Azərbaycanın həyatında çox böyük dəyişikliklərin baş verməsi bunun əyani təzahürüdür. Bir il ərzində baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası idi. Ölkəmiz uzun on illər keçmiş münaqişənin sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra ediləcəyinə sona kimi ümidlə yanaşıb. Amma Azərbaycan ərazilərinin bərpası ilə bağlı beynəlxalq təşkilatların çıxarmış olduğu bütün qərarlar icrasız qalıb. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti də nəticəsiz bitdi. Minsk qrupunun məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistanın işğalını əbədi etmək olub”.
Millət vəkili hesab edir ki, münaqişənin sülh yolu ilə həll olunmamasının başlıca səbəbi isə Ermənistanın 1990-cı illərin əvvəllərindən başlayaraq, indiyə kimi tutduğu qeyri-konstruktiv mövqe ilə bağlıdır: “Sözsüz ki, Azərbaycan dövləti və xalqı torpaqlarının erməni işğalında qalmasını, ərazilərində separatçı rejimin mövcudluğunu heç vaxt qəbul edə bilməzdi. Məhz keçmiş münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Cənab Prezident İlham Əliyev də Forum iştirakçılarına məhz bu reallıq kontekstində proseslərin əsl mahiyyəti ilə bağlı məqamları çatdırmış oldu. Azərbaycan 2020-ci il 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülhə hazır olduğunu bildirib. Ölkəmizin başçısı da Qlobal Forumda Azərbaycan sülh prinsiplərinə olan münasibətini bir daha bəyan etdi. Cənab Prezident qeyd etdi ki, “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülhə bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər”. Forumda həmçinin Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırıma məruz qaldığı da qeyd olunub. Ona görə də, bu gün beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu vurğulanıb”.
Təftiş Komissiyasının sədri Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vacibliyinə toxunub: “Amma buna baxmayaraq bu gün bəzi Qərb dövlətləri və təşkilatları, o cümlədən Fransa İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qeyri-adekvat davranış sərgiləyir. Fransanın Azərbaycana qarşı mövqeyi qərəz üzərində qurulub. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verib. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qalıb. Bu hadisə özlüyündə Fransanın Azərbaycana, onun sahib olduğu dəyərlərə olan yanaşmasının təzahürüdür”.
Sevinc Hüseynova COP29-un Azərbaycanda keçirilməsinin önəminin də Forumda bir daha önə çəkildiyini vurğulayıb: “Azərbaycanın yaşıl keçidlə bağlı hədəfləri və təşəbbüsləri beynəlxalq birlik tərəfindən qəbul edilir. Yaşıl keçidlə bağlı mühüm işlər görülüb. Bunun praktiki nəticələri var. 2023-cü ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışı olub. Eyni zamanda daha iki stansiya ilə işlər davam edir. Bütün bunlarla yanaşı Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı hədəfləyib. Bunun nəticəsi olaraq yaxın dövr üçün yaşıl enerjinin ixracı da proqnozlaşdırılır. Xəzər dənizindən Qara dənizinə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası planlaşdırılır. Bu amillər COP29-da Azərbaycanın imkanlarını nümayiş etdirməyə imkan yaradacaq. Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti buna imkan verir. 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi bir dönəm məhz Azərbaycanın uğurlu sədrliyi ilə xarakterizə olundu. Ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlığa sahibdir. Həmçinin 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycan xüsusi yer tutur”.