Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı 2024-cü il 13 mart tarixli “qətnaməsi” növbəti riyakarlığın, qərəzin açıq ifadəsidir. Az qala Ermənistanın ruporuna çevrilmiş Avropa Parlamentinin qəbul etdiyi “qətnamə” növbəti dəfə Azərbaycana qarşı qərəzin təzahürüdür. Reallıq odur ki, Avropada olan problemlər başdan aşdığı bir dövrdə təşkilat bunları bir yana qoyub ancaq ermənilərin və Ermənistanın maraqları müstəvisində çıxış edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu faktlar Avropa Parlamentinin erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin təmsilçisi rolunda çıxış etdiyini göstərir: “Çünki Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi ilə bağlı heç vaxt konkret mövqe sərgiləməyib. Sözdə belə bu qurum ölkəmizlə bağlı müsbət yanaşma göstərməyib. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan kampaniyada isə Avropa Parlamenti riyakarlıq edir. Qurum bütün bunlarla yanaşı ölkəmizə qarşı edilən hücumların önəndə yer alır”.
Millət vəkili bildirib ki, AP-nin məlum qərəzli qətnaməsində Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər qəti şəkildə rədd edilir: “Bu artıq tabutuna mismar vurulmuş separatçılara göstərilən dəstəyin ifadəsidir. Məqsədləri yenidən separtizmi diriltməkdən ibarətdir. Davamlı olaraq Ermənistanın hərbi-siyasi təxribatlarına dəstək verən AP-i özünün mahiyyətini ifadə edir. Bu xüsusda Emmunel Makron Fransasının Cənubi Qafqazda yenidən vəziyyəti gərginləşdirmək cəhdlərinə belə susqun yanaşılır”.
Məlahət İbrahimqızı hesab edir ki, Avropa Parlamentinin ermənipərəst mövqeyi, Azərbaycana qarşı məqsədli hücum kampaniyası sülh sazişinə böyük zərbədir: “Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda Avropa Parlamentinin proseslərin mahiyyətinə zidd olan qətnaməsi açıq şəkildə pozuculuğa xidmət edir. Sözsüz ki, Azərbaycan Avropa Parlamentinin və Fransa kimi ermənipərəst strukturların mövqeyi fonunda özünün haqlı, beynəlxalq hüquqa söykənən mövqeyindən heç vaxt dönməyəcək. Bu kimi təhdidlər ölkəmizin siyasi iradəsində zərrə qədər təsir edə bilməz”.