Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana rəsmi səfəri iki dost, qardaş ölkə arasında əlaqələrin bundan sonra daha aktiv müstəvidə inkişafına mühüm töhfə olacaq. Sözsüz ki, səfərin tarixi əhəmiyyəti olduqca böyükdür. Məhz bu kontekstdə səfər zamanı cənab Prezident İlham Əliyevlə Qazaxıstan prezidenti arasında keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərin yeni mərhələsi üçün vacib perspektivlər açmış olur. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. İki qardaş dövlət arasında münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib: “Həmçinin bu dövrdə Qazaxıstan prezidenti üç dəfə Azərbaycanda səfərdə olub. Hazırda Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Qazaxıstan rezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərin inkişafına sözsüz ki, mühüm töhfə olacaq. Azərbaycan və qazax xalqları arasında tarixi, mədəni və dini bağlaq mövcuddur. Bu amil iki ölkə arasında əlaqələrin əsasını təşkil edən başlıca amildir. Məhz bu baxımdan da Azərbaycanla Qazaxıstan arasında olan ənənəvi dostluq və qardaşlıq əlaqələri sarsılmaz tarixi köklərə söykənir. Ölkəmizə rəsmi səfəri zamanı Qazaxıstan prezidenti ilə dövlətimizin başçısı arasında qarşılıqlı əlaqələrin inkişafını dair geniş şəkildə müzakirələr aparılıb. Bunun nəticəsi olaraq dövlətlərarası vacib sənədlərə imza atılıb ki, bu da münasibətlərin sonrakı inkişaf tendensiyasında ən başlıca prinsiplərin formalaşmasında əsas faktorlardan hesab olunur”.
Millət vəkili hesab edir ki, ölkə başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi tarixi önəm kəsb edir: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”. Qazaxıstan prezidentinin Azərbaycana 2022-ci ilin avqustunda səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzlanması bu günki əlaqələrin inkişaf dinamikasında özünü biruzə verir. İki ölkə arasındakı strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi hesab olunur. Bu amil dövlətləri strateji xarakterli əməkdaşlığa yönləndirir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də vurğulayıb ki, “ilk dəfə Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisədir. Biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər qədim tarixi köklər üzərində formalaşıb: “Hər iki dost, qardaş ölkə Türk Dövlətləri Təşkilatı müstəvisində də sıx əməkdaşlıq edir. İki qardaş ölkə arasındakı yüksək əlaqələr türk dünyasının birliyinin daha da güclənməsinə vacib töhfə hesab olunur. Qazaxıstan hər zaman Azərbaycanın yanında olub. Ölkəmizin haqq işinə bütün platformalarda dəstək ifadə edib. II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Qazaxıstan Azərbaycanın haqq işinə öz qardaşlıq dəstəyini və mövqeyini bildirib. Türkiyənin, Özbəkistanın və Qazaxıstan prezidentlərinin 30 illik işğaldan sonra azad edilmiz Azərbaycan ərazilərinə səfərləri xalqımızın yaddaşında əbədi qalmaqla yanaşı, mühüm tarixi əhəmiyyətə malikdir. Özbəkistandan sonra Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsi qardaşlıq münasibətlərinin açıq ifadəsidir. Bütün bu amillər, ölkə başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərin inkişafında vacib rol oynayır. Sözsüz ki, Azərbaycan-Qazaxıstan birliyi türk dünyasının bir ailə kimi daha da güclənməsinə, möhkəmlənməsinə xidmət edir”.