Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana rəsmi səfəri mühüm tarixi əhəmiyyət kəsb edir. Bu səfər iki dost, qardaş ölkə arasında əlaqələrin bundan sonrakı inkişafı üçün mühüm önəmə malikdir. Cənab Prezident İlham Əliyevlə Qazaxıstan prezidenti arasında keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərin yeni mərhələsi üçün perspektivlər açır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır: “Sözsüz ki, iki qardaş dövlət arasında münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Eyni zamanda bu dövrdə Qazaxıstan prezidenti üç dəfə Azərbaycanda səfərdə olub. Bu bir reallıqdır ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Qazaxıstan rezidentinin ölkəmizə rəsmi səfəri münasibətlərin inkişafına mühüm töhfə olacaq. Azərbaycan və qazax xalqları arasında tarixi, mədəni və dini bağlaq mövcuddur. Bu amil iki ölkə arasında əlaqələrin əsasını təşkil edir”.
Deputat bildirib ki, Azərbaycanla Qazaxıstan arasında olan ənənəvi dostluq və qardaşlıq əlaqələri sarsılmaz tarixi köklərə söykənir: “Ölkəmizə rəsmi səfəri zamanı Qazaxıstan prezidenti dövlətimizin başçısı ilə qarşılıqlı əlaqələrin inkişafını geniş şəkildə müzakirə edib. Məhz bunun nəticəsi olaraq dövlətlərarası vacib sənədlərə imza atılıb ki, bu da münasibətlərin bundan sonrakı inkişaf tendensiyasında ən başlıca prinsiplərin formalaşmasına xidmət edəcək. Ölkə başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi tarixi önəmə malikdir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.
Millət vəkili hesab edir ki, Qazaxıstan prezidentinin Azərbaycana 2022-ci ilin avqustunda səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzlanması bu günki əlaqələrin xarakterində özünü təsdiq etmiş olur: “İki dost, qardaş ölkə arasında imzalanmış bu sənəd münasibətlərin xarakterini müəyyənləşdirir. Çünki iki ölkə arasındakı strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi hesab olunur. Bu amil dövlətləri strateji xarakterli əməkdaşlığa yönləndirir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də vurğulayıb ki, “ilk dəfə Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisədir. Biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir”. Bu gün Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər qədim tarixi köklər üzərində inkişaf edir. Hər iki dost, qardaş ölkə Türk Dövlətləri Təşkilatı müstəvisində də sıx əməkdaşlığa malikdir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, iki qardaş ölkə arasındakı yüksək əlaqələr türk dünyasının birliyinin daha da güclənməsinə vacib töhfədir. Qazaxıstan hər zaman Azərbaycanın yanında olub. Ölkəmizin haqq işinə bütün platformalarda dəstək verib. II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Qazaxıstan Azərbaycanın haqq işinə öz qardaşlıq dəstəyini və mövqeyini birmənalı şəkildə ortaya qoyub. Qardaş Türkiyənin, Özbəkistanın və Qazaxıstan prezidentlərinin 30 illik işğaldan sonra azad edilmiz Azərbaycan ərazilərinə səfərləri xalqımızın yaddaşında əbədi qalacaq. Özbəkistanın ardınca Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsi qardaşlıq münasibətlərinin növbəti təzahürü hesab olunur. Bütün bu amillər, ölkə başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərin daha intensiv şəkildə inkişafına da təsir edəcək. Bu eyni zamanda Azərbaycan-Qazaxıstan birliyi fonunda türk dünyasının bir ailə kimi güclənməsinə, möhkəmlənməsinə hədəflənmiş mühüm strategiyadır”.