Fransa ermənipərəst siyasətindən əl çəkmir. Emmanuel Makron hakimiyyəti bütün mahiyyəti ilə ancaq ermənilərin və Ermənistanın maraqlarına xidmət edir. 30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında saxlanıldıqda, Xocalıda, Meşəlidə, Malıbəylidə, Bağanış Ayrımda və digər ərazilərimizdə erməni cəlladları azərbaycanlılara qarşı soyqırım həyata keçirdikdə Fransa susurdu. Prosesi görməzdən gəlirdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin erməni qoşunlarından boşaldılması ilə bağlı qətnaməsinin icrası ilə bağlı rəsmi Paris heç bir mövqe sərgiləmirdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa ancaq Azərbaycan ərazilərinin işğalı ilə bağlı status-kvonu qoruyub saxlamağa çalışıb: “Məqsəd Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün pozulmasına nail olmaq idi. Ermənistanın işğal faktına, separatizmə açıq dəstək verən ölkə də məhz Fransa olub. II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi. Minsk qrupunun görə bilmədiyi işi Azərbaycan 44 günə həll etdi. Ötən ilin 19-20 sentyabr tarixində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ölkə ərazisində konstitusiya quluşunu bərqərar etdi”.
Millət vəkili bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra Fransa daha çox narahat olmağa başlayıb: “Ona görə də, Fransa hakimiyyəti başda Emannuel Makron olmaqla Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Bu mənada Fransanın Avropa və Xarici İşlər nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli “bəyanatı” məhz bu məqsədə xidmət edir”.
Deputat hesab edir ki, Fransa tərəfindən bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilədir: “Fakt odur ki, Fransa insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı ölkədir. İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görülmədiyi Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı çatmır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanda fundamental hüquq və azadlıqlar təmin edilib: “Ölkəmizdəı media azadlığı mövcuddur. Azad internet şəbəkəsi var. Azərbaycan bu gün regional və qlobal miqyasda söz sahibi olmaqla yanaşı multikulturalizmin əsas özəyi hesab edilir. Fransa kimi dini, millli ayrıseçkiliyin baş verdiyi ölkələrdən fərqli olaraq Azərbaycan bütün dinlərin dost, qardaş açıq demokratik şəraitdə yaşadığı bir ölkədir”.