2020-ci ilin fevral ayının 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ölkəmizin həyatında mühüm bir tarixi dövrü əhatə edib. Sözsüz ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların qanunverici orqanı da əhatə etməsi vacib idi. Bu mənada dərin islahatlar konsepsiyası Ali Qanunverici Orqanı da əhatə etmiş oldu. Təbii ki, islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin formalaşmasına nail olmaq olduqca önəmli məsələ idi.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, məhz bu kontekstdə 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi, cənab Prezident İlham Əliyevin islahatlar kursunun uğurlu davamı oldu: “Parlamentə keçirilən növbədənkənar seçkilər ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinin mahiyyətini özündə ehtiva edirdi. Milli Məclisin işinin təkmilləşdirilməsi və yeni tərkibdə təşkil edilməsinə yönəlmiş bu addım dövrün çağırışlarına adekvat oldu. VI çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak edib. Seçkilər hər zaman olduğu kimi açıq, şəffaf və yüksək seçici fəallığı fonunda baş tutub. Məhz bunun nəticəsində çoxpartiyalı əsasda parlamentin formalaşı təmin edilib”.
Deputat hesab edir ki, bu amil ölkəmizdə siyasi plüralizmin Ali Qanunverici Orqanda yer almasını göstərən mühüm faktordur: “4 il öncə parlamentə növbədənkənar seçkilərin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Altıncı çağırış parlamentin ilk iclasında cənab Prezident İlham Əliyevin çıxışı, verilən mesajlar yeni dövr üçün vacib yol xəritəsi hesab olunur. Bu eyni zamanda ölkəmizdə aparılan islahatların uğurla davam etdiyinin nümayişi idi. Sözsüz ki, qanunverici hakimiyyətin bu islahatlarda başlıca rola malik olacağı da vacib əhəmiyyətə malikdir. Cənab Prezident çıxışında vurğuladı ki, “Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir”. Bu amil ölkəmizin yeni çağırışlara və dövrün reallıqlarına uyğunlaşmasını və inkişaf xronologiyasının təminatına hesablanmış vacib strategiyadır. Bunun nəticəsidir ki, yeni tərkibdə formalaşmış parlament ötən 4 il ərzində ölkənin ictimai-siyasi həyatında özünəməxsusluğu ilə öndə olub”.
Millət vəkili vurğulayıb ki, 2020-ci ilin 9 fevral seçkilərində ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsində vacib rol oyanyır: “Ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşmasıdır. Yeni formalaşan Milli Məclis pandemiya dövrünə təsadüf etsə də parlament bu sınaqdan uğurla çıxmağa nail olub. Milli Məclis pandemiya şəraitində davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi mühüm təcrübə oldu. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri dövründə də Milli Məclis üzərinə düşən missiyanı böyük uğurla və əzmlə yerinə yetirdi. Cənubi Qafqazda formalaşmış yeni dövrün çağırışlarına uyğun olaraq siyasi, iqtisadi sahədə vacib addımlar atılır. Azərbaycan yeni dövrün və reallığın müəllifidir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycan bu gün regional və qlobal miqyasda sülhün, əməkdaşlığın vacib tərəfdaşı kimi çıxış edir. Ölkəmizlə bağlı həqiqətlərinin dünyanın qanunverici orqanlarına çatdırılmasında, parlament diplomatiyasının aktiv şəkildə rolu da bu xüsusda olduqca önəmlidir. Parlament post-müharibə dövründə də Azərbaycan reallıqlarının təbliği ilə bağlı işini olduqca uğurlu bir müstəvidə qurmağa nail olub”.