Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 16-da ölkəmizə rəsmi səfər edib. Bu səfər sözsüz ki, iki qonşu dövlət arasında münasibətlərin inkişafında mühüm töhfə olacaq. Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və tarixi dostluq əlaqələri mövcuddur. Ölkələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bu mənada hər iki dövlət və xalq bir çox sahələr üzrə sıx əməkdaşlığa malikdir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan bütün sahələr üzrə çox uğurla əməkdaşlığa malikdir: “Ölkələr arasında mövcud olan siyasi, iqtisadi münasibətlər xalqların əsrlərdir davam edən mehriban qonşuluq əlaqələri üzərində qurulub. Təbii ki, arşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinə müsbət təsir edəcək. Azərbaycanla Gürcüstanın həyata keçirdiyi nəqliyyat, enerji layihələri digər ölkələr üçün böyük önəm kəsb edir. Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan-Gürcüstan birlikdə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edir. İcra olunan bu layihələr regiondan keçən yük axınının həcmini artmasına imkan formalaşdırır”.
Deputat hesab edir ki, Azərbaycanla Gürcüstan birgə təşəbbüslərlə özlərinin iqtisadi inkişafını təmin edən ölkələrdir: “Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli faktordur. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdir. Məhz Azərbaycan qazı Gürcüstan üzərindən onun vasitəsi ilə bir neçə ölkəyə ixrac olunur. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb. Bu say sözsüz ki, getdikcə daha da artacaq. Ölkəmizin malik olduğu enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Azərbaycan qazına Avropa qitəsində olan tələbat ildən-ilə artacağı gözlənilir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğulayıb ki, “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu fonunda Gürcüstanın tranzit ölkə kimi vasitəçiliyi vacib əhəmiyyət kəsb edir”.
Sevinc Hüseynova bildirib ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin dünyada rolunu və önəmini daha da artırır: “Məhz bunun nəticəsində Azərbaycan bu gün dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional faktora çevrilib. Müasir tələblər və çağırışlara uyğun olaraq Azərbaycan-Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığa malikdir. Gürcüstanın və Azərbaycanın bərpaolunan enerji istehsalı ilə bağlı potensialı böyükdür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr yaşıl enerji ilə bağlı hədəflərin də uğurla icrasına zəmin yaradacaq”.