Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində bir çox vacib məsələlərə toxunub. Cənab Prezident Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu qeyd edib. Ölkəmizin başçısı bu prosesə fərqli yanaşmaların olduğunu bildirib. Sözsüz ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyacın olduğu da birmənalıdır. Dövlətimizin başçısı bu layihəni reallaşdırmaq üçün öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarının dəvət edildiyini söyləyib. “Ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq” –deyən cənab Prezident uzunluğu 3500 kilometr olan kəmərin artıq arzu deyil, reall olduğunu söyləməsi olduqca böyük tarixi əhəmiyyət kəsb edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, böyük qlobal əhəmiyyətə malik olan bu layihə enerji təchizatı, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir: “Cənab Prezident də vurğulayıb ki, on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir. Bütün bunlarla yanaşı Azərbaycanın COP29-la bağlı yaşıl enerji gündəliyi gündəmin əsas amili kimi önə çıxır. Dövlət başçısının da qeyd etdiyi kimi qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Azərbaycan bunu ənənəvi ehtiyatlarının çatışmamasına görə etmir. Ölkəmiz ənənəvi enerji mənbələrindən yəni, neft-qaz satışından əldə etdiyi maliyyədən, gəlirlərdən bərpaolunan enerji sahəsinə də sərmayə yatırır. Azərbaycan bu addımı atmaqla ümumi bir anlayış yaratmaq istəyir”.
Deputat ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı ümumi çağırışlar etdiyini də diqqətə çatdırıb: “Azərbaycan bu müstəvidə dünya birliyini bir çox məsələlərin həllində həmrəyliyə səsləyir. Fakt odur ki, bu gün ətraf mühiti zəhərləyən sənaye zavodları var, çayların sululuq səviyyəsi azalır. Xəzər dənizində belə suyun səviyyəsi aşağı düşür. Sözsüz ki, bu məsələ ətrafında konseptual addımların atılmaması daha böyük fəsadlara yol aça bilər. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda bu potensial 157 giqavat təşkil edir. Ölkəmiz artıq bu istiqamətdə mühüm yolu qət etməyə başlayıb. Əsas hədəf isə qarşıdakı 10 ildə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmaq kimi vacib proqramları özündə ehtiva edir”.
Məlahət İbrahimqızı vuruğlayıb ki, ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı: “Ona görə də, heç də neft və qaza malik ölkələri günahlandırmaq doğru yanaşma deyil. Çünki qazıntı yanacağına sahib olmaq heç də həmin ölkələrin günahı deyil. Azərbaycanın bu sahədə atdığı proqram xarakterli addımları neft-qaz sahəsində əldə edilən gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan verməklə məharətlə istifadə etməyi bacardı. Azərbaycan nefti inkişafa çevirməyə, sərvətin ədalətli paylanmasını təmin etdi. İnsan kapitalına böyük sərmayə qoyuldu. Son 20 ildə gedilən uğurlu inkişaf tendensiyası bunun bariz nümunəsidir”.