Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışında çox mühüm məsələlərə toxunulub. Burada həmçinin Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlığın yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının genişləndirilməsinə və yaradılmasına xidmət edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğu dövlətimizin başçısı tərəfindən xüsusi olaraq vurğulanıb: “Enerji təhlükəsizliyinin təmin olunması hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi başlıca faktordur. Avrasiyada mövcud olan hazırkı geosiyasi vəziyyət görülən işlərin son dərəcədə əhəmiyyətli olduğunu gündəmə gətirir. Məhz bu kontekstdə Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi layihənin əhəmiyyətini daha da artırmış olur. Sözsüz ki, ölkəmizin Avropada qaz təchizatının coğrafiyasının genişlənməsi milli iqtisadiyyatımız üçün önəmli amildir”.
Deputat Azərbaycanın səkkiz ölkəyə qaz nəql etdiyini onlardan altısının Avropa ölkəsi olduğunu cənab Prezident tərəfindən bir daha vurğulanmasının vacib mesaj kimi xarakterizə edildiyini söyləyib: “Məhz ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi durur. Bu da Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rolunu bir daha gündəmə gətirir. Cənab Prezident İlham Əliyev də öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulaması qarşıdakı hədəflərin xarakterini və coğrafiyasını göstərir”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan Avropanın qaza olan tələbatını qarşılamaqla yanaşı qaz mənbələrinə, nəqliyyat marşrutlarına malikdir: “Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bağlı əldə olunan razılıq da burada mühüm önəm kəsb edir. Məhz nəqliyyat şəbəkələrinin şaxələndirməsi daha çox istehsalçıya qazın çatdırılmasına xidmət edir. Azərbaycan qaz ehtiyatlarının qiymətləndirilməsi nəticəsində əldə olunan yekun qənaət bunu deməyə əsas verir. Əslində bu fakt Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələri də alt-üst etmiş olur. Sözsüz ki, bu cür yanaşmalar Azərbaycana qarşı əsassız və davamlı xarakter almış qərəzli kampaniyanın mahiyyətini göstərir. Bütün bunlara baxmayaraq Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar bu gün beynəlxalq birliyin diqqət mərkəzindədir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması məhz bu məqsədlərə xidmət edir. Cənab Prezident İlham Əliyev də ölkəmizin bərpaolunan enerji layihələrinin yüksək göstəricilərə malik olduğunu qeyd edib. Bu bir reallıqdır ki, Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatlarına malikdir. Bu yaxın gələcəkdə Azərbaycanın “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə təminat yaratmış olacaq. Məhz olduqca önəmli COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl enerji gündəliyinin mahiyyətini göstərir”.