Prezident İlham Əliyev mart 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edib. Ölkəmizin başçısı enerji sektorunda görülən işlərdən, qarşıdan duran hədəflərdən danışıb. Burada həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də geniş müzakirə edilib. Cənab Prezident İlham Əliyev ötən dövr ərzində bu əməkdaşlığın enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etdiyini qeyd edib. Dövlətimizin başçısı həmçinin Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu gün enerji təhlükəsizliyinin təmin olunması hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur: “Avrasiyada mövcud olan geosiyasi vəziyyət məhz bu kontestdə görülən işlərin son dərəcədə vacib olduğunu gündəmə gətirir. Bu bir reallıqdır ki, Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorlar əlavə edilib. Sözsüz ki, bu amillər layihənin müstəsna əhəmiyyətini daha da gücləndirmiş olur”.
Deputat bildirib ki, bu gün Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir: “Bu təbii ki, ölkəmizin iqtisadiyyatı üçün önəmli amildir. Azərbaycan səkkiz ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də bu amillər dayanır. Burada ilk növbədə Cənub Qaz Dəhlizi layihəsinin önəmi daha çox önə çıxır. Bu da öz növbəsində Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Cənab Prezident İlham Əliyev də çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Azərbaycan Avropanın qaza olan tələbatını ödəmək üçün qaz mənbələrinə və nəqliyyat marşurutlarına malikdir. Dövlət başçısı qardaş Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bağlı əldə olunan razılığın mahiyyətindən bəhs edib. Qaz şəbəkəsinin şaxələndirilməsində bu layihə mühüm önəmə malikdir”.
Millət vəkili hesab edir ki, bütün bunlar ölkəmizin qaz ehtiyatlarını qiymətləndirməyə imkan verir: “Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr bir daha alt-üst olur. Çünki bütün bu əsassız yanaşmalar ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. Bütün bunlara baxmayaraq Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar, gördüyü işlər göz önündədir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Cənab Prezident də çıxışında ölkəmizin bərpaolunan enerji layihələrinin yüksək göstəricilərə malik olduğunu vurğulayıb. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsini təmin edəcək. Mötəbər COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı verilmiş qərar da Azərbaycanın yaşıl enerji ilə bağlı gündəliyini təzahür etdirir”.