ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanla bağlı əsassız və qərəzli açıqlaması heç fakta və məntiqə əsaslanmır. Bu Azərbaycana qarşı aparılan növbəti riyakar kampaniyanın tərkib hissəsi kimi ortaya çıxan faktdır. Ölkəmizin regional və qlobal miqyasda artan, güclənən mövqeyi Qərbdə, ABŞ-da bir çoxlarının yuxusuna haram qatıb. Ona görə də, durmadan Azərbaycan qarşı qərəz, nifrət ritorikasına əsaslanan mövqe sərgiləyirlər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda “insan haqlarının vəziyyəti ilə bağlı” əsassız, qərəzli bəyanatı ancaq subyektiv yanaşmalara əsaslanan riyakar mövqedir: “Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra sonra beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvü kimi böyük nüfuz və hörmətə sahib olub. Məhz bu uğurlu siyasətin məntiqi nəticəsi kimi Azərbaycanın əksər beynəlxalq platformalarda fəaliyyəti göz önündədir. Bütün bunlar ölkəmizin beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyini qazanması ilə müşahidə olunub”.
Deputat hesab edir ki, Azərbaycan dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə özünün imkan və təşəbbüskarlığını nümayiş etdirib: “Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlığın daha da genişləndirilməsində oynadığı rol yüksək dəyərləndirilib. Azərbaycanın 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülməsi də uğurlu siyasətin nəticəsi hesab edilir. Sözsüz ki, COP29 ərəfəsində senator B.Kardinin Azərbaycana qarşı bu cür şantaj xarakterli, qərəzli mövqeyi açıq düşmənçilik və selektiv yanaşmaların məhsuludur. Yalan, yoxlanılmamış məlumatlarından istifadə, Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmalar bizim tərəfimizdən qətiyyətlə rədd edilir”.
Məlahət İbrahimqızı bildirib ki, B.Kardin Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsə daha məntiqli olardı: “Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən Müharibəsindəki tarixi zəfəri, ərazi bütövlüyünü təmin etməsi, 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri ilə suverenliyinin tam olaraq bərqərar olması erməni lobbisini və ondan asılı olaraq qüvvələri ölkəmizə qarşı səlib yürüşünə qalxmağa vadar edib. Amma bütün bu qərəzli hücumlar əbəsdir. Azərbaycan dövlətini belə hücumlar sarsıda, zəiflədə bilməz. Xalq-iqtidar birliyi ölkəmizin bundan sonra da güclənməsinə beynəlxalq birlikdə layiq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.