2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-da Bakının Nəsimi rayonunda Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər ziyalıları, Şəhid ailələri, qazilər və Kəlbəcərli sakinlər iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz misilsiz nailiyyətlər əldə edib və hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycanın qarşısında dayanan əsas məqsəd işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işlərinin sona çatdırılmasıdır. Xalqımız əmindir ki, qalib Liderin rəhbərliyi altında Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq. Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevə xalqımız hər zaman olduğu kimi bu seçkilərdə də böyük dəstək verəcək.
Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.