Sözsüz ki, hər bir seçki siyasi partiyalar üçün növbəti mübarizə hesab olunur. Bu baxımdan normal və sivil qaydada, ciddi sosial dayağa sahib olan partiyalar 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakda maraqlıdır. Seçki partiyalar üçün növbəti siyasi yarışdır. Ölkəmizdə mövcud olan azad rəqabət seçki mühitində özünə, elektoratına güvənən siyasi təşkilatlar bu seçkiyə böyük həvəslə qatılır. Hər zaman açıq, demokratik seçki yarışından çəkinən ancaq qaragüruhla məşğul olan siyasi partiyalar üçün isə seçki prosesi acı məğlubiyyət fonunda çətin bir mənzərə kimi görünür. AXCP və Müsavatın növbədənkənar seçkilərlə bağlı tutmuş olduğu “mövqe” bu baxımdan onların əsl mahiyyətini göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, sağlam rəqabət əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə “boykot” etməsi xarici qüvvələrə xidmətin əyani təzahürü hesab olunur: “Çünki “boykot” siyasi rəqabət metodu deyil. Bu sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan “siyasi texnologiyadır”. Həmçinin “boykot” – sifarişli təxribatdır. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə edilir”.
Professor bunun hiyləgər addım olmaqla bilavasitə təxribatlara yol açan siyasi riyakarlıq olduğunu söyləyib: “Bu kimi yanaşmalar “ikili standartlar” siyasətinin mahiyyəti olaraq ortaya çıxır. Beynəlxalq münasibətlər sistemində isə bu kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” təzahürüdür. Məhz radikal təfəkkürün əsasında da kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Acıq, nifrət, natamamlıq, xainlik kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir”.
Millət vəkilinə görə “boykot” pərdəsi altında radikallar öz zəifliyini gizlətməyə çalışır: “Yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə az sayda olan öz tərəfdaşlarına da arxa çevirmiş olurlar. “Boykotun” elan olunması həmdə onların mənəvi məğlubiyyətidir. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib”.
Eldar Quliyev növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da xüsusi mahiyyətə malik olduğunu bildirib: “Məhz bununla seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Amma bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə izah olunur. Sadəcə olaraq növbəti dəfə daha biabırçı şəkildə məğlub olacaqlarına əmin olan radikallar bu oyuna əl atır”.