2024-cü ilin 7 fevralına təyin edilmiş prezident seçkiləri siyasi rəqabət, demokratik ab-havaya uyğun keçiriləcəyinə əminlik var. Ölkəmizdə bu günə qədər baş tutmuş bütün seçkilər məhz bu kontekstdə keçirilib. Özünün ictimai dəstəyinə, elektoratına arxalanan hər bir siyasi təşkilatın seçkilərdə qatılması normaldır. Amma buna baxmayaraq proseslərdən özünü kənarda tututan anti-milli qüvvələr də mövcuddur ki, onlar ancaq ambisiyyaları kontekstində seçkiyə qiymət verməyə çalışır. Məhz bu mənada sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət seçkilərdə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribat hesab olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, kirli siyasi texnologiyalarının təzahürü olan “boykot” siyasi rəqabət metodu deyil: “Bu qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Sözsüz ki, “boykot” – sifarişli təxribat olmaqla yanaşı kirli texnologiyalarının klassik növü hesab olunur. Həmçinin ucuz və hiyləgər addım olan “boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir”.
Deputat qeyd edib ki, radikalların məkrli niyyətləri, acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu var: “Bu kimi avantürist yanaşmalar ictimai şüuru qaranlığa sürükləyərək destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub”.
Millət vəkili hesab edir ki, seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir: “Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Məhz “boykot” pərdəsi altında zəifliyini gizlədən radikallar. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Bu əslində həmin demaqoqların mənəvi məğlubiyyətidir. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub: “Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Bu bir reallıqdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb”.