2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar mühüm önəm kəsb edir. Bu eyni zamanda növbəti siyasi yarış üçün vacib situasiyadır. Azərbaycanda mövcud olan azad rəqabət mühitində özünə, elektoratına güvənən siyasi təşkilatlar üçün seçki olduqca vacib platformadır. Siyasi partiyalar hər zaman seçkiyə qatılmaqda maraqlı olmalıdır. Amma ölkəmizdə özünü hər zaman açıq, demokratik seçki mübarizəsindən kənar saxlamaqla qarayaxma kampaniyasında görən siyasi partiyalar da mövcuddur. Bu mənada AXCP və Müsavatın tutmuş olduğu mövqe təəcüb və təssüf doğurur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə “boykot” elan olunması xarici qüvvələrə xidmətin əyani təzahürüdür: “Reallıq odur ki, “boykot” siyasi rəqabət metodu deyil. Bu sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan “siyasi texnologiyadır”. Çünki “boykot” – sifarişli təxribatdır. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə olunur. Bu həmçinin ucuz və hiyləgər addım olmaqla yanaşı bilavasitə təxribatlara yol açan siyasi hiylədir. Eyni zamanda bu kimi yanaşmalar “ikili standartlar” siyasətinin mahiyyəti olaraq ortaya çıxır. Beynəlxalq münasibətlər sistemində hələ də tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Fakt odur ki, siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir”.
Millət vəkili hesab edir ki, radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb: “Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub. Amma bu qüvvələr anlamır ki, seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Məhz “boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olur”.
Deputat bildirib ki, “boykotun” elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir: “Eyni zamanda onların əsas strateji hədəfi cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib”.
Aqil Məmmədov növbədənkənar prezident seçkilərinin demokratik prinsiplərə uyğun açıq siyasi mübarizə fonunda keçiriləcəyinə əminliyini ifadə edib: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Cəmiyyətin istək və arzuları bu gün idarəçiliyin formalaşmasında əsas amildir. Bu mənada 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Amma bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə bağlıdır. Onlar bu seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarına əmindir. Azərbaycan cəmiyyəti isə hər zaman olduğu kimi həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə radikallara layiqli cavab vermiş olacaq”.