
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi mühüm tarixi qərardır. Bu ölkəmizin növbəti siyasi-diplomatik uğurudur. Beləliklə dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərdilər. Azərbaycan məhz bu cür yüksək dəyərlərə layiq bir ölkədir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz mövqelərini gücləndirib: “Dünya miqyasında sayılıb-seçilən, mövqeyi ilə hesablaşılan bir ölkə kimi Azərbaycan bu gün bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı və ev sahibi kimi şöhrət qazanıb. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün daha da artır. Ölkəmizin siyasi-iqtisadi strategiyası sayəsində bu uğurlar təmin olunub. Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa söykənir”.
Deputat hesab edir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən yeni reallıq kimi dəyərləndirilir: “Sözsüz ki, bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul edilməsi də vacib məqamlardan xəbər verir. Bununla əslində bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib. Çünki Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə reallaşır. Burada yekdil mövqe bir daha özünü göstərir. Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edirdi. İrəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini bir daha təmin edib”.
Millət vəkili bəzi Qərb ölkələrinin, Fransa kimi dövlətlərin əsl reallıqdan uzaq mövqe sərgilədiyini bildirib: “Fakt odur ki, Fransanın açıq şəkildə dəstək verdiyi Ermənistan belə bu vəziyyətlə barışıb. Azərbaycanda COP29-un konfransının keçirilməsi bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da dövlətimizin qarşısında yaşıl enerji ilə bağlı mühüm hədəflərin olduğu bir daha bəyan ediləcək. Çünki yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda dövlətimizin həyata keçirdiyi enerji siyasətinin prioritetini təşkil edir. Bu reallıqları həmin konfransda bütün dünya bir daha görmüş olacaq”.
Məlahət İbrahimqızı Azərbaycanın uğurlu şəkildə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söyləyib: “Qoşulmama Hərəkatında uğurlu strategiyası Azərbaycanın təşkilata daha bir il müddətinə sədrlik dövrünün uzadılması ilə bağlı qərarın verilməsi ilə nəticələnib. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməklə yeni bir nümunə yaradıb. Ölkəmiz həmçinin Qoşulmama Hərəkatı ilə yanaşı Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda aktiv iştirak edir. COP29-un ölkəmizdə keçirilməsi də Azərbaycanın beynəlxalq miqyasda artan gücünün bariz nümunəsi kimi yadda qalacaq”.