Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyuldu. 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan təcavüzkar Ermənistan döyüş meydanında məğlub edildi və kapitulyasiya aktına imza atmalı oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə lokal antiterror tədbirləri ilə Azərbaycan ərazisində konstitusiya quruluşu, suverenliyi tam təmin edildi. Separatizm yuvası darmadağın olundu və separçılığın kökü kəsildi. Artıq yeni bir reallıq yaranıb ki, bu da daha mütərəqqi və konseptual ideyaların ardıcıllıqla icrasını təşviq edir. Bu mənada Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin 7 fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında imzalanmış Sərəncam mühüm önəm kəsb edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Bu bir reallıqdır ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Məhz bu kontekstdə növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir” – deyə o qeyd edib.
Millət vəkili gələn il baş tutacaq növbədənkənar prezident seçkilərinin Zəfər seçkisi kimi də xarakterizə olunduğunu bildirib: “7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi bərpa olundu. Artıq şanlı üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır”.
Deputat hesab edir ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir: “Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Məhz bu kontekstdə seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Sözsüz ki, bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Bu seçkinin isə fərqli bir rakursda baş tutması heç də təsadüfi deyil, Çünki qalib Azərbaycan dövləti və bu qalibiyyəti xalqına yaşadan Müzəffər Ali Baş Komandan var”.
Məlahət İbrahimqızına görə, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir: “Bu Seçkilərdə tam şəffaf və demokratik prinsiplərə uyğun baş tutacaq. Heç bir ictimai dəstəyi olmayan qüvvələr üçün isə bu seçkiyə qatılmaq indidən acı məğlubiyyət fonunda görünür. Amma hər zaman xalqın yekdil dəstəyi ilə əhatə olunmuş cənab Prezident İlham Əliyev bu seçkinin də qalibi olmaqla Azərbaycanın qələbələr ssenarisinin ardıcıllığını təmin etmiş olacaq”.