
44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra qalib Azərbaycan Ordusunun paradının keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Bu mənada 2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilməsi tarixi hadisə idi. Azərbaycan xalqı uzun on illiklər məhz Zəfər paradını, Ordumuzun Qələbə keçidinin bu anlarını səbirsizliklə gözləyib. Ona görə də, Zəfər paradı xalqımızın qələbə əzminin ifadəsi kimi tarixi yaddaşımıza həkk olundu. 30 illik işğal dövrünün başa çatdığını, düşmənin döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atdığını təzahür etdirən parad bundan sonra da xalqımızın yaddaşında ən mühüm hadisə kimi qalacaq.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki,Vətən Müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə Prezidentinin Zəfər Paradını Müzəffər Ali Baş Komandanımızla birlikdə qəbul etməsi isə birliyimizin, gücümüzün ifadəsi idi: “Qardaşlıq münasibətlərinin rəmzi olaraq Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etməsi, verilən mesajlar olduqca böyük tarixi əhəmiyyət kəsb edirdi. Bu iki qardaş ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Zəfər paradında Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi isə qələbəmizin möhtəşəmliyinin göstəricisi idi. Qələbə paradında həmçinin ölkəmizin hərbi qüdrətinin nümayişi olaraq 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlər cəlb edilmişdi. Bununla yanaşı Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də paradda nümayiş etdirildi. Eyni zamanda Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçularımızın keçidi ölkəmizdə vətənpərvərliyin, rəşadətin və Qələbə əzminin təzahürüdür. Sözsüz ki, Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq”.

Deputat hesab edir ki, Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu: “Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı. Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi. Təbii ki, xalqımızın yaddaşına 44 günlük müharibənin hər günü qələbələrlə ilə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Uzun illər özləri haqqında “miflər” yaradan Ermənistan ordusu cəmi 44 gün ərzində hərbi texnikası və canlı qüvvəsi ilə birlikdə məhv edildi. Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələrini məhv etməklə yanaşı erməni “mifini” də darmadağın edib. Məhz bu səbəbdən də Vətən müharibəsində qəhrəmanlıq, sücaət göstəmiş şəxslər ən ali qiymətin təzahürü olaraq medal və ordenlərlə təltif ediliblər. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub ki, bu da igidlərimizin qəhrəmanlığına göstərilən növbəti yüksək dəyərin göstəricisidir. Eyni zamanda Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı də məhz cənab Prezident olub. Bütün bunlar isə Azərbaycanın əldə etdiyi tarixi zəfərin ən bariz formada tərənnümü hesab edilir”.