1995-ci noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyası hesab olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya isə SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Reallıq odur ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Ona görə də, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Hətta 1978-ci ildə yeni Konstitusiya layihəsi hazırlanarkən bununla bağlı Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev çox vacib təklif irəli sürüb. Həmin təkliflə 73-cü maddə ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olaraq təsbit olunub. Bununla da 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dili ilə bağlı müddəa öz əksini tapıb. Sözsüz ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri idi. Həmin Konstitusiya isə Azərbaycanın müstəqillik dövründə qəbul edilən Konstitusiyasına yəni, 1995-ci ilə qədər qüvvədə olub.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, müstəqil dövlətin yeni Konstitusiyası Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biri idi: “Çünki məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiya Layihəsi hazırlanıb. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilib. Xalqımızın birmənalı dəstəyi ilə qəbul edilən Konstitusiyası Dövlətin Əsas Qanunu kimi 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Məhz ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir”.
Millət vəkili hesab edir ki, Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan fundamental prinsiplərin əksini tapdığı əsas qanundur: “Cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində Ana Qanun hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış oldu”.
Deputat bildirib ki, Azərbaycan Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunub: “Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq kimi anlayışlar öz əksini tapıb. Bu mənada Konstitusiyamızın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunub”.
Sevinc Hüseynova yeni çağırışlar, dəyişən sosial-siyasi reallıq fonunda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Əsas Qanunumuzda da bir neçə dəyişiklik və əlavələr edilməsi zərurətinin formalaşmasından bəhs edib: “2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada əlavələr və dəyişikliklər olunub. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə xidmət edib. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat-birinci vitse-prezidentlik institutu yaradılıb ki, bu dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli hesab olunur”.