Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında birləşməsinin və müstəqil dövlətçiliyin başlıca atributudur. Bayraq milli identikliyin təzahür formalarından biridir. Müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutudur. Bayraq eyni zamanda müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas əlamətidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, şanlı üçrəngli bayrağımız hər bir Azərbaycanlı üçün qürur və güvənc mənbəyidir: “3 ildir ki, bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu 30 ildə Azərbaycan xalqının arzularının reallaşdığı tarixdir. Müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olması reallığı uzunmüddətli perspektivdə azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün əsasları gücləndirmiş olur. Məhz bu kontekstdə Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilib”.
Deputat hesab edir ki, bayraq, gerb və himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir: “Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi məhz bu konteksdə mühüm tarixi reallığı əks etdirir. Şanlı üçrəngli Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü Dövlət Bayrağı olaraq təsdiq olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağı Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Bununla da 1991-ci il fevral ayının 5-də həmin vəsatət əsasında Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun qəbul olunub”.
Millət vəkili 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı ilə də dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağının təsdiq edildiyini bildirib: “Ölkə Konstitusiyasının 75-ci maddəsində dövlət atributlarına olan münasibət öz əksini tapıb. Dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət qanunla müəyyənləşib. 2004-cü ildə Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşib. Milli həmrəylik və azərbaycançılıq məfkurəsini özündə birləşdirən Dövlət Bayrağı həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca amilidir.
Aqil Məmmədov Azərbaycan xalqının hər zaman şanlı dövlətçilik rəmzlərini ən yüksək zirvələrdə dalğalandırmağı bacardığını bildirib: “Vətən Müharibəsində azad edilən hər bir kənddə, qəsəbədə, yüksəklikdə, şəhərdə ucaldılan üçrəngli bayrağımız milli qürur hissi idi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Vətən Müharibəsində qürurla daşıdığı şanlı uca bayrağımız Şuşada, Xankəndidə və ölkəmizin sərhədlərində qürurla dalğalanır”.