Prezident İlham Əliyevin Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı, vermiş olduğu mesajlar mühüm əhəmiyyət kəsb edir. Sarsılmaz tarixi dəyərlər, mədəniyyət, soykök və min illiklərə söykənən bağlar indiki şəraitdə türk dövlətləri arasında əlaqələrin möhkənlənməsində başlıca amildir. İndiki qloballaşma və qütbləşmə fonunda türk xalqlarının tarixi dəyərlərini, mədəniyyətini, etnik köklərini qoruması olduqca vacibdir. Bu mənada türk dövlətlərinin güc və nüfuz sahibi olması hazırkı müstəvidə zəruridir. Azərbaycan hər zaman türkdilli dövlətlərlə əməkdaşlığa böyük önəm verib. Məhz türk dövlətləri arasında birliyin, təşkilatlanmanın formalaşmasında Azərbaycanın müstəsna xidmətləri mövcuddur. Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayan inkişaf bunun bariz nümunəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi və ərazi bütövlüyünü təmin etməsi yeni bir reallıq yaradıb: “Bu reallıq regional və qlobal miqyasda əməkdaşlığın daha intensiv xarakter almasını səciyyələndirir. Bu müstəvidə region dövlətləri xüsusi ilə də türk dövlətləri ilə formalaşan yeni konfiqurasiyada daha çevik əlaqələrin qurulması zərurətə çevrilib. Eyni zamanda geosiyasi vəziyyət, baş verən mürəkkəb proseslər də bunu vacib edir. Məhz bu kontekstdə türk dövlətləri arasında əməkdaşlığın yeni müstəvidə qurulması reallığı qaçılmaz idi”.
Deputat hesab edir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyi starteji önəm kəsb edir: “Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz, Bosfor və Dardanel boğazları, Aralıq dənizi, Avropa kimi mühüm bölgələrdə mövcud olan türk dövlətləri bu arealda aparıcı mövqeyə sahib olması da vacib amil kimi önə çıxır. Bu mənada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı və vermis olduğu mesajlar bir çox məqamları özünə ehtiva edirdi. Cənab Prezident TDT Zirvə görüşündəki çıxışında Təşkilata üzv ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Ölkəmizin başçısı bildirib ki, “Qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Məhz cənab Prezident İlham Əliyev tərəfindən verilən bu vacib mesajlar türk dünyasının birliyi üçün də daha möhkəm və sıx əlaqələr qurmaq baxımından yeni bir çağırış hesab olunur”.
Millət vəkili vurğulayıb ki, hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələr əlaqələrin ən parlaq dövrünü yaşayır: “Prezident İlham Əliyev də Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkməklə münasibətlərin bundan sonrakı perspektivləri barəsində yol xəritəsinin müəyyənləşməsinin vacibliyini qeyd edib. Ölkəmizin başçısı bildirib ki, “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik”. Sözsüz ki, Azərbaycanın haqq işinə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr hər zaman dəstək verib. Özbəkistanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzi bu münasibətlərin rəmzi hesab olunur”.
Aqil Məmmədova görə. TDT-nin Zirvə görüşündə qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin açılmasının əhəmiyyətini vurğulaması da olduqca önəmli idi: “Qardaş Türkiyə Prezidenti bildirib ki, “Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”. Təbii ki, atılan bu addımlar, göstərilən təşəbbüslər türk xalqlarının və dövlətlərinin birliyinə, inkişafına, əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir”.