Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Ortaq mədəniyyət, soykök və tarixi əlaqələr türk dövlətlərinin birliyində mühüm amildir. Qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini və etnik köklərini qoruması olduqca önəmlidir. Türk ölkələrinin güclənməsi, nüfuza sahib olması, qarşılıqlı əlaqələrin möhkəmləndirməsi hazırkı müstəvidə zəruri bir amala çevrilib. Bu mənada Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayan inkişaf xronikası böyük uğurlarla müşahidə olunub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsindən sonra regionda və qlobal miqyasda yeni bir reallıq yaranıb: “Geosiyasi vəziyyət, baş verən mürəkkəb proseslər Türk dövlətləri arasında əməkdaşlığın daha da sıxlaşmasını vacib edib. Bu istiqamətdə bütün sahələr üzrə strateji əhəmiyyətli sənədlərin qəbul olunması, bir sıra tədbirlərin görülməsi Türk dövlətləri arasında münasibətlərin inkişafına böyük töhfə verib. Bu bir reallıqdır ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyi olduqca starteji əhəmiyyətə malikdir. Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz, Bosfor və Dardanel boğazları, Aralıq dənizi, Avropa kimi vacib regionları əhatə edən türk dövlətləri məhz bu coğrafiyada aparıcı söz sahibi olmaq reallığını özündə ehtiva edir”.
Millət vəkili hesab edir ki, TDT-nin 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı və vermis olduğu mesaj olduqca vacib məqamları əhatə edib: “Ölkəmizin başçısı çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərinə toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur: “Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Sözsüz ki, verilən bu mesaj Türk birliyinə, türk dünyasının daha möhkəm və sıx əlaqələr qurmaq baxımından yeni bir çağırışdır. Çünki indiki reallıq məhz bunu zəruri edir. Türk Birliyinin yeni bir güc olması, onun dünyada gedən proseslərdə aparıcı faktor kimi çıxış etməsi bu həmrəyliyin zəruriliyini önə çəkir”.
Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr hazırda münasibətlərinin yeni mərhələsini yaşayır: “Türk dövlətləri və TDT-yə üzv dövlətlər arasında tarixi, dini, mədəni bağlara əsaslanan, sınaqlarından çıxmış sarsılmaz əlaqələr mövcuddur. Prezident İlham Əliyev də Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini hər zaman önə çəkib. Ölkəmizin başçısı vurğulayıb ki, “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın haqq işində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr sona qədər dəstək nümayiş etdiriblər. Özbəkistanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzi bu ölkələr arasında dostluğun, qardaşlığın rəmzidir”.
Məlahət İbrahimqızı hesab edir ki, Zirvə görüşündə qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vermis olduğu mesajlar da olduqca önəmli idi: Çox hörmətli Rəcəb Tayyib Ərdoğanın Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin açılmasının əhəmiyyətini bir daha vurğulaması vacib məqamları özündə birləşdirir. “Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik” – Deyən qardaş Türkiyə prezidentinin bu mesajı Cənubi Qafqaz, türk dövlətləri üçün tarixi önəm kəsb edir. Sözsüz ki, bu gün türk xalqlarının birliyi naminə bütün türkdilli dövlətlər fəal iş aparır. Artıq bu addımların ciddi nəticələri var və yaxın gələcəkdə bu amillər digər hədəflərə çatmaq üçün mühüm rol oynayacaq”.