Azərbaycan xalqının hüquqları, fundamental haqqları pozulduqda, Ermənistan tərəfindən soyqırıma, etnik təmizləməyə, deportasiyaya məruz qaldıqda beynəlxalq təşkilatlar susurdu. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib onun maddi-mədəni abidələrini, tarixi dəyərlərini dağıdıb mənimsəyəndə bu gün ədalət deyib bar-bağıran təşkilatlar ortada yox idi. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq üçün açıq şəkildə ölkənin beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən və konstitusiya quruluşuna zidd şəkildə Ermənistan tərəfindən separatizmə dəstək verildiyi halda belə beynəlxalq birlik lal-kar olmuşdu. II Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. BMT-nin çıxardığı qətnamələri təkbaşına ica edən Azərbaycan sonuncu antiterror tədbirləri ilə separatizmə, terrorçu silahlı birləşmələrə sarsıdıcı zərbə vurdu. Bunu hər bir hüquq dövlətinin edəcəyi və etdiyi bir şəraitdə Azərbaycana qarşı kampaniya üçün vasitə olaraq istifadə etmək ikiüzlülük, riyakarlıq, ikili standartaların təzahürüdür. Qarabağda yaşamış erməni sakinləri heç bir təzyiq və təpki olmadan bölgədən könüllü şəkildə çıxıb gedib. Ötən əsrin 80-90-cı illərdə azərbaycanlılar kimi zorla, ayaqyalın, başıaçıq deportasiya edilməyib. Müasir dövrün kommunikasiya imkanları ilə bunu görmək, analiz etmək sadə bir haldır. Ona görə də, bu məsələlərdən Azərbaycana qarşı sadəcə olaraq təzyiq kimi istifadə edənlər növbəti dəfə yanılırlar.
Bunu Siyasətinfoya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 12 oktyabr 2023-cü il tarixli absurd qətnaməsinin mahiyyətini şərh edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, AŞPA Azərbaycana münasibətdə növbəti dəfə qərəzli münasibət sərgiləyib: “Bu qurum Ermənistana məxsus separatçı rejimin, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində hansı terror aktlarının icra etməsindən xəbərsiz olmamlıdır. Əslində AŞPA təhlükəsizliyə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamalı idi. Amma bunun əksinə təşkilat əsassız şayiələrə və müəyyən dövlətlərin məkirli siyasətinə alət olaraq qərəzli mövqe sərgiləyib. Bununla da Avropa Şurası beynəlxalq hüququn norma və prinsiplərinə zərbə vurub. Çünki dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklər var. Bunun əksinə olaraq separatizmə, terrora açıq dəstək vermək Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik etmək deməkdir”.
Millət vəkili bildirib ki, terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərindən sonra BMT regiona iki missiya göndərib və ilkin monitorinqin nəticələri olaraq heç bir mənfi tendensiya aşkarlanmayıb: “Hətta Ermənistandakı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Azərbaycanın hər hansı zorakılıq tətbiq etmədiyi təsdiqlənib. Belə olan halda AŞPA çərçivəsində bu cür məkirli sənədlərin ortaya atılması Azərbaycana qarşı uzunmüddətli qərəzin və çirkin planların göstəricisi hesab edilir. Reallıq odur ki, son on ayda Laçın yolundan hərəkətlə bağlı AŞPA əsassız iddialarla çıxış edib. Bu təşkilat hətta Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarını yekdilliklə rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarına belə məhəl qoymayıb. Amma yaxşı olardı ki, AŞPA öz mandatından istifadə edib 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirsin. II Qarabağ müharibəsindən sonra 333-ə nəfər azərbaycanlı məhz erməni tərəfinin basdırdığı minaların qurbanı olub. Eyni zamanda AŞPA 30 ilə yaxın Ermənistan tərəfindən Azərbaycan ərazilərində qeydə alınan dağıntıların miqyasına aydınlıq gətirilməsi üçün hansısa bir məsələ qaldırsın”.
Məlahət İbrahimqızı hesab edir ki, AŞPA etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə diqqət ayırmalıdır: “Eyni zamanda AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Ümumilikdə bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi, erməni sakinlərin reinteqrasiya planları istiqamətində fəaliyyətini poza bilməyəcək”.