30 ilə yaxın Ermənistanın işğalında qalan və II Qarabağ müharibəsində azad edilən tarixi Şuşa şəhəri bu gün özünün yeni dövrünü yaşayır. Mədəniyyət, qürur, tarixi məbədimiz olan Şuşa ölkədə daxili tədbirlərlə yanaşı beynəlxalq platformalar üçün mühüm mərkəzə çevrilib. Şanlı zəfərimizin zirvəsi olan Şuşa regional və qlobal miqyasda öz tarixi şöhrətini bərpa edib. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi bu mənada xüsusi əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə Şuşa şəhərinin 2026-cı il İƏT-in turizm paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin, tarixinin və şanlı zəfərinin təbliği və təşviqi baxımından mühüm önəmə malikdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əməkdaşlıq etdiyi qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatı olub: “Azərbaycan İƏT-in fəaliyyətinə böyük önəm verib. Təşkilata üzv dövlətləri hər zaman ortaq tarix, iqtisadi və siyasi maraqlar birləşdirib. Bu mənada dövlətimiz İƏT üzvü olaraq əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış edib. Azərbaycan 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib. Məhz bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritet istiqamətləri öz əksini tapıb”.
Deputat bildirib ki, İƏT-ə üzv olan ölkələr Azərbaycanın haqlı mövqeyinə hər zaman birmənalı dəstək verib: “İƏT üzvləri keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdar olduğunu açıqlamışdı. Bu mənada təşkilat beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana hər zaman tənqidi mövqe sərgiləyib. İndiki reallıqda isə artıq azad Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-c iclası açıq və səmərəli müzakirələrinin aparılması uğurlu beynəlxalq platformalardan biri kimi tarixə düşdü. Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır”.
Millət vəkili hesab edir ki, Azərbaycan ərazi bütovlüyünü, suverenliyini və konstitusiya quruluşunu bərpa etdikdən sonra regionda sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yeni imkanlar açılıb: “Boz” zonaların aradan qaldırılması, separatizmə son qoyulması tarixi reallıqdır. Azərbaycanın öz ərzisində seperatizmə son qoymaqla yeni dünya nizamında inkişaf və əməkdaşlıq üçün imkanlar yaradır. Bu xüsusda regional məsələlərin həlli qarşılıqlı əməkdaşlıq platformasında daha effektiv olacağı qaçılmazdır. Artıq Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilir. Çünki Azərbaycanın irəli sürmüş olduğu konsepsiya Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edir”.