30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldıqda, 1 milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevriləndə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa ancaq işğala haqq qazandırmağa çalışıb. Məqsəd Ermənistanın işğal faktını qanuniləşdirmək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü pozmaq olub. Bunu Fransa dövləti hər addımda göstərib. Fransanın Ermənistanla bağlı siyasəti Emmanuel Makronun dövründə xüsusi hal almağa başlayıb. Çünki ermənidən daha çox erməni olan Makron Fransanın problemlərini həll etmək əvəzinə Azərbaycanın daxili işlərinə müdaxilə edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransanın davranışları, açıq şəkildə anti-Azərbaycan mövqeyi bu gün hiddət doğuracaq səviyyədədir: “Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanın və bir çox ölkələrin davranışlarının mahiyyətindən bəhs etdi. Sözsüz ki, ABŞ və ümumilikdə Qərbin yanaşmasında ikili standart və riyakarlıq göz önündədir. Bu bir reallıqdır ki, Qərb Azərbaycanın özünü müdafiə hüququna fərqli yanaşır. Yay ərzində Azərbaycanın Qarabağda kommunikasiyalar açması, yollar çəkməsi və s. baxmayaraq Qərb buna “blokada” donu geydirməyə çalışıb. Azərbaycan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib, mülki əhaliyə ziyan dəyməyib. Amma buna da fərqli yanaşılır”.
Millət vəkili hesab edir ki, son 2 həftədə Qafqazın tarixində hərbi müstəvidə ən sabit dövrdür: “Bu sabitlik Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması ilə mümkün olub. Amma hərbi müstəvidə yaranmış bu sabitliyə bəzi ölkələr və dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atır. Bu xüsusda Fransanın davranışları hiddət doğurur. Fransanın Ermənistana silah-sursat verməsi onun heç də sülhdə maraqlı olmadığını göstərir. Həmçinin Fransa XİN başçısının İrəvandakı çıxışı da bu qəbildəndir ki, gərginliyi artırmaq azərbaycanafob fikirləri tirajlamaqla öz məkirli niyyətlərinə nail olmaq istəyirlər”.
Deputat Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsinin reallıqdan uzaq olduğunu söyləyib: “Görünən odur ki, Fransa militarizm siyasəti və arxadakı çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir”.
Məlahət İbrahimqızına görə, Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verməsi böhtan və şər kampaniyasının ifadəsidir: “Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair səslənən iddialar əsassız və böhtan xarakterlidir. Əslində isə ermənilərin Qarabağdan köçməsində uzun onilliklər ərzində onlara təbliğ edilmiş etnik dözümsüzlüyün təsiri var. Bu cür yanaşmalar ermənilərin reinteqrasiyasına mane olmaq cəhdidir. Reallıq odur ki, Fransanın bu təşəbbüsünün qərəzli və birtərəfli olması açıq şəkildə görünür. Çünki orada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunulmur. 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub, hazırda onlardan cəmi bir neçə mini vətənə qayıdıb. Yüz minlərlə azərbaycanlı hələ də köçkün həyatı yaşayır. Amma sənəddə onlar haqda heç nə deyilmir. Bütün bunlar onu göstərir ki, Fransa azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətindədir”.